Tanınmış xanımlar bu gün hansı hədiyyəni gözləyir? - SORĞU

 Tanınmış xanımlar bu gün hansı hədiyyəni gözləyir? -  SORĞU
  08 Mart 2020    Oxunub:5507
Bu gün xanımların bayramıdır. Hər bir xanım 8 Martda öz yaxınlarından, doğmalarından xüsusi diqqət, qayğı və hədiyyə gözləyir. Təbii ki, kişilər xanımların özəl günündə onları xoş sözlərlə təbrik etməklə yanaşı hədiyyə də almağa məcbur qalır. Necə deyərlər, gülsüz, ətirsiz 8 Mart olmaz.
Bəs, xanımlar bayramda hansı hədiyyəni gözləyirlər? İndiyədək aldıqları ən dəyərli hədiyyə nə olub?

Azvision.az mövzu ilə bağlı tanınmış xanımlar arasında sorğu keçirib.



Xalq artisti Könül Xasıyeva indiyədək heç kimdən dəyərli hədiyyə almadığını deyib: “Ən dəyərli 8 Mart hədiyyəsi? Olmayıb. Ümidim oğlumadır, böyüyər, məni sevindirər”.



Tanınmış bəstəkar Nailə Mirməmmədli sonuncu hədiyyəni gəlinindən aldığını bildirib.

“Bəlkə axırıncı hədiyyəmdən danışım? Gəlinim həm yeni işə getməyim, həm də 8 Mart münasibəti ilə mənə qələm hədiyyə edib, üstündə də adımı yazdırıb. Mənim üçün önəmli hədiyyədir”.



Aktrisa Gülşad Baxşıyevanı tələbələri təbrik ediblər: “Ötən il tələbələrim mənim üçün 8 Mart münasibəti ilə səhnə hazırlamışdılar. Onlar məni personajların sözlərinə uyğun təbrik etdilər. Sinifə girəndə elə bildim məşq edirlər, sonra başa düşdüm ki, onların 8 Mart hədiyyəsidir. Həmin gün mənim üçün yadda qalan oldu”.



Xanəndə Səkinə İsmayılova isə hədiyyədən çox diqqətə ehtiyacı olduğunu söyləyib.

“Hədiyyə qədər önəmli olan onu təqdim edən adamın diqqətidir. Hər xoş günümdə mənə diqqət göstərilməsi mənim üçün hədiyyədir. Hədiyyələri dəyərli və ya dəyərsiz deyə bölmürəm”.



Aktrisa Dilarə Əliyeva hesab edir ki, kiməsə hədiyyə almaq üçün xüsusi günə ehtiyac yoxdur.

“Mən hədiyyə gözləmirəm. Çünki hədiyyə almaq üçün xüsusi gün gözləmək lazım deyil. Nə zaman alınsa, xoş sözlər deyilsə, həmin gün bayramdır. Ona görə də buna xüsusi əhəmiyyət vermirəm. Mənim adım anılıb, haqqımda düşünüb, nə təqdim olunursa, hamısı dəyərlidir. Nə hədiyyə olunursa, onu müqəddəs bir şey kimi görürəm. Çünki hədiyyə alınarkən mənim haqqımda düşünülüb, buna zaman xərclənib, bu, hədiyyədən daha dəyərlidir. Mən daha çox səmimi münasibət istəyirəm”.



Xalq artisti Gülyanaq Məmmədova 3 il bundan əvvəl ürəyincə olan hədiyyə aldığını deyib.

“Ən gözəl hədiyyəm 3 il bundan qabaq olub. Onun nə olduğunu deyə bilmərəm. Digər dəyərli hədiyyəm isə “Giley” mahnım və klipim olub. Həmin mahnı bir qardaş tərəfindən mənə hədiyyə olunub”.



Müğənni Lalə Məmmədova isə hədiyyə olaraq gülləri xoşlayır: “Mən çiçəkləri sevirəm. Hədiyyələrin şahı gül-çiçəkdir”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: 8-Mart   Bayram   Hədiyyə  





Xəbər lenti