Azərbaycan rəssamlarının "Şahdağ" simpoziumu - FOTO

Azərbaycan rəssamlarının "Şahdağ" simpoziumu -  FOTO
  28 Fevral 2020    Oxunub:4842
"Şahdağ" Yay-qış turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti "Art Zone Week" adlı rəngkarlıq simpoziumu start götürüb.
Azvision.az xəbər verir ki, mədəniyyət və sosial yönümlü bu Layihənin məqsədi rəssamların gözü ilə bölgənin, burada yerləşən möhtəşəm turzim kompleksini ölkənin aparıcı turizm bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.

Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar.



Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçiriləcəkdir. İlk Simpoziumda ərsəyə gələn və "Şahdağ" mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olub. Sərgidəki möhtəşəm əsərləri satın almaq istəyən qonaqlar təəssüf ki, istəklərini həyata keçirə bilməyəcəklər - simpoziumun qaydalarına görə əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Artıq ikinci dəfə reallaşan "Art Zone Week" Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, "Abşeron Hotels Group" və "ASPİ Winery"-nin təşkilati dəstəyi ilə həyata keçirilir.



Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edərək bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.

Qeyd edək ki, Simpoziumda Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edir.



Simpozium mart ayının 3-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə başa çatacaq. Əsərlər mart ayının sonuna kimi "Şahdağ" mehmanxanasında sərgilənəcək.

Azvision.az


Teqlər: Rəssam   Şahdağ  





Xəbər lenti