"Beş manatlıq gəlin”in premyerası olacaq

"Beş manatlıq gəlin”in premyerası olacaq
  21 Fevral 2020    Oxunub:2945
Martın 10-u və 14-ü, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Beş manatlıq gəlin” komediyasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tamaşa rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda, bəstəkar, Xalq artisti Səid Rüstəmovun və yazıçı Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanıb.

Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov, aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.

Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Azvision.az


Teqlər: Teatr  





Xəbər lenti