“Səhiyyə işçilərinin əməyi keyfiyyətə görə qiymətləndiriləcək” - Zaur Əliyev

  20 Fevral 2020    Oxunub : 1800
“Səhiyyə işçilərinin əməyi keyfiyyətə görə qiymətləndiriləcək” - Zaur Əliyev
“Görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır”
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib.

Agentlik sədri bildirib ki, yeni qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”, - deyə Agentlik sədri bildirib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Zaur-Əliyev   Həkim   Maaş