PA-ya ən çox şikayətlərin daxil olduğu rayonlar - RƏSMİ

  19 Fevral 2020    Oxunub : 6653
 PA-ya ən çox şikayətlərin daxil olduğu rayonlar - RƏSMİ
Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində bildirilib.

Məqalədə qeyd edilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir. Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir.



“Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb. Mövzular üzrə təhlil göstərir ki, hüquq-mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur. Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyil. 2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olub”, - deyə PA rəsmisi vurğulayıb.

Azvision.az

Teqlər: PA