Heydər Əliyev Fondundan Hindistanlı uşaqlara hədiyyə

Heydər Əliyev Fondundan Hindistanlı uşaqlara hədiyyə
  25 Dekabr 2013    Oxunub:1290
“Mehriban xanım Əliyeva Tanrının bizə hədiyyəsidir”.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilib istifadəyə verildi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilib istifadəyə verildi.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Qoada tədris mərkəzləri ştatın üç şəhəri – Pancim, Marqao və Mapusa Vaskoda cəmlənir. Ətraf kəndlərdən şəhərlərə ictimai nəqliyyatın olmaması uşaqların hər gün məktəblərə gedib-gəlməsində çətinlik yaradırdı. Məhz bu çətinliyi aradan qaldırmaq üçün “Pilar” Katolik Cəmiyyəti ətraf yerlərdə 10 məktəb, 1 katolik kollec və kimsəsizlər evi tikdirib.

Hazırda bu məktəblərdə minlərlə şagird təhsil alır.

“Pilar” Katolik Cəmiyyətinin rəsmisi Teodor Maskarena bildirib ki, xeyriyyə məqsədilə tikilən bu məktəblərə köməklik göstərilməsi üçün bir çox təşkilatlara, dini cəmiyyətlərə müraciət olunmuş, lakin bütün müraciətlər cavabsız qalmışdır. Təmənnasız kömək yalnız Heydər Əliyev Fondundan gəlmişdir və cəmi 18 aya uşaqlar üçün stadion tikilib istifadəyə verilib.

Stadionun açılışı günü ştatın paytaxtı Pancim şəhərində əsl bayram ab-havası duyulub. Müxtəlif rəqslər nümayiş olunub.

“Aqnelo Ata” adlanan stadionun açılışında Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.
Əvvəlcə lövhənin üzərindən örtük götürülüb.

“Tanrı edilən yaxşılıqları əvəzsiz qoymur və bu stadionda oynayacaq hər bir uşağın duaları da sizinlə olacaqdır” – Teodor Maskarena çıxışına bu sözlərlə başladı. O, bildirib ki, əvvəllər stadionun örtüyü daş-kəsəkli idi və elə bir gün olmurdu ki, burada oynayan uşaqlar zədələnməsinlər. Artıq bu problem aradan qalxıb.

T.Maskarena deyib ki, uşaqlar üçün nəzərdə tutulan bu stadionun tikilməsi üçün tanıdığım bütün fondlara, icmalara müraciət etmişdim. Lakin hamıdan rədd cavabı gəlmişdi. Son ümid yerim Heydər Əliyev Fondu idi. Qəlbimin dərinliyində bilirdim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu layihədən xəbər tutsa, müraciətimiz cavabsız qalmayacaq. Çünki Fondun Azərbaycanda və dünyada gördüyü işlərdən xəbərdar idim. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva Tanrının bizə hədiyyəsidir. Tanrı onu, Heydər Əliyev Fondunu və Azərbaycanı qorusun.

Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev çıxışında iki ölkə arasındakı münasibətlərin tarixi köklərə bağlı olduğunu qeyd etmişdir. Səfir Heydər Əliyev Fondunun təşəbbüsünü Azərbaycan və Hindistan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə növbəti töhfə kimi xarakterizə edib.

Tədbirin əhəmiyyətindən danışan İ.Hacıyev qeyd etmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü ikitərəfli əlaqələrimizi daha da yüksək səviyyələrə qaldıracaq. Azərbaycanın əldə etdiyi nailiyyətlərin Hindistanın bu ucqar ştatına gətirilib çatmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.

Rəsmi açılış mərasimindən sonra yeni stadionda ilk futbol oyunu keçirilmişdir. Meydançada “Pilar” kimsəsizlər evi və Qoa ştatının yığma komandaları üz-üzə gəlmişlər. Yoldaşlıq görüşünə Heydər Əliyev Fondunun bayrağı altında çıxmış kimsəsizlər evinin uşaqları qalib gəlib.

Sonda Cəmiyyətin üzvləri bundan sonra da Heydər Əliyev Fondu ilə əməkdaşlığa ümid etdiklərini bildiriblər.


Teqlər:





Xəbər lenti