Mənzil gözləyən şəhid ailələri – REPORTAJ

Mənzil gözləyən şəhid ailələri – REPORTAJ
  25 Dekabr 2013    Oxunub:8573
Qarabağ müharibəsi rahatlığını, taleyini qəsb etdiyi insanları bir bomba atəşinin ətrafa səpələdiyi qəlpələr kimi Azərbaycanın hər tərəfinə və hətta, onun sərhədlərindən uzaqlara səpələyib. Onlara hər yerdə rast gələ bilərsiniz. Əksəriyyəti doğma ev-eşiyini, bir çoxu ailə üzvlərini, bəziləri isə üstəlik, sağlamlığını itirən bu acı taleli insanların daha sıx yaşadığı yerlər isə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttinə yaxın bölgələrdir.
Belə bölgələrdən biri olan Goranboyda bu gün yüzlərlə qaçqın, şəhid, veteran ailələri yaşayır. Əksəriyyətinin mənzil problemi olan bu ailələr üçün təkcə Goranboyda mindən çox fərdi ev, 500 mənzillik yaşayış binası tikilib. Amma mənzilə ehtiyacı olan yüzlərlə ailə hələ də öz növbəsini gözləməkdədir.

Rayonun Hacallı kəndində yaşayan Əliyevlər ailəsi 19 ildir ki, bu xoşbəxt günün nə vaxt gələcəyini gözləyir. Vaxtilə 5 nəfərdən ibarət olan bu ailə öz başçısı Eldar Mail oğlu Əliyevi 1994-cü ilin avqustunda itirib. II JQ 460620 saylı ölüm şəhadətnaməsində Eldarın tank əleyhinə qumbara partlayışı nəticəsində həlak olduğu qeyd edilir. Onun 4-cü övladı Mahizər bu faciə baş verəndən 5 ay sonra dünyaya gəlib. Eldarın həyat yoldaşı Gülöyşə bir-birindən cəmi 1,5 – 2 yaş fərqi olan 4 uşaqla tavanı qamış, divarları suvaqsız olan birotaqlı evdə artıq 19 ildir ki yaşayır.

Nə dövlətin, nə yaxınlarının dəstəyi olmadan, təkbaşına 4 uşaq böyütməyin bir qadın üçün nə demək olduğunu, bu 19 ilin çətinliklərini Gülöyşə gözyaşısız dilə gətirə bilmir: “Dövlətin şəhid ailələrinə verdiyi müavinətin yarısını qayınatam alır. Övladlarım aclıq nə olduğunu bilməsin deyə, özümü oda-közə vurdum, heyvandarlıqla məşğul oldum. Amma bir səhər durdum ki, tövləmizin qapısı sındırılıb və olan-qalan 4 baş mal-qaramızı oğurlayıblar. O hadisə bizi həm mənən sındırdı, həm də qorxduq. Düz dörd il qorxumuzdan gecələr çölə də çıxmadıq ”...

İndi Gülöyşənin övladları böyüyüb. İki qızı ailə qurub. Amma yerli polis hələ də onların heyvanlarını axtarır. Hələ də ailə divarları çat vermiş birotaqlı evdə məskunlaşıb və dövlətdən mənzil almaq ümidi ilə yaşayır. Onların bu ümidləri ilk baxışdan, o qədər də əsassız deyil. Yerli İH başçısının müavini Baxış Abdullayevin imzası ilə ailəyə ünvanlanmış “CƏ 105/1” saylı, 13.11.2010-cu il tarixli bir məktubda deyilir: “Azərbaycan Respublikası prezidenti İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, İH başçısının sərəncamı ilə siz 2008-ci ildən mənzil növbəsinə alınmısınız və gələcəkdə əlil və şəhid ailələri üçün mənzillər tikilərsə, sizin də mənzillə təmin olunmaq məsələnizə baxıla bilər ”.



Yerli polis rəisi Məhəmməd Məmmədovun göndərdiyi başqa bir məktubda isə Gülöyşəyə itmiş mal-qarasının axtarıldığı, bir nəticə əldə olunarsa, xəbər veriləcəyi vəd edilir. Amma uzun illər bu vədlərin yalnız vəd olaraq təkrarlanması Əliyevlərin ümid şölələrini zəiflətməkdədir. Gülöyşə bu ümidsizliyində heç kimi yox, öz taleyini qınayır: “Eldar saq olsaydı, heç kimə möhtac qalmazdıq ”...

Azərbaycan Ordusunun təqaüddə olan mayoru, Goranboy Özünümüdafiə Batalyonunun artilleriya divizyonunun sabiq komandiri Ələs Oruc oğlu İbrahimovun hal-hazırda Əliyevlərdən daha ağır bir durumda yaşaması Gülöyşənin son iddiasını bir qədər şübhə altına alır. Ələs Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Artilleriya Məktəbinin 1988-ci il məzunudur. 1988-91-ci illərdə keçmiş Sovet Ordusunun zabiti olaraq Almaniyada, 1991-ci ildən 1998-ci ilə qədər Azərbaycan Ordusunda xidmət edib. 1998 – 99-cu illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin müəllimi olub. Qarabağ uğrunda döyüşlərdə bir neçə dəfə yaralanıb. Hal-hazırda 2-ci qrup əlil olaraq təqaüddədir. İnanılması nə qədər çətin olsa da, bu qədər xidmətləri olan Ələs hal-hazırda 3 övladı və anadangəlmə əlil həyat yoldaşı ilə birlikdə Goranboy şəhərinin ucqar bir guşəsində, bir tanışına məxsus taxta sexinin qarovulxanası olan vaqonda yaşayır. O da mənzillə təmin edilməsi xahişi ilə müxtəlif dövlət orqanlarına müraciət edib.

Goranboy rayon İH-ə mənzil problemi ilə bağlı müraciət edən şəhid ailələri və müharibə əlillərinin siyahısında 300-dən çox adamın adı var. Gülöyşə Əliyevanın adı bu siyahıda 85-ci, Ələs İbrahimovun adı isə 120-ci yerdədir. Hazırda Goranboyda şəhid ailələri və müharibə əlilləri üçün bir 6 mərtəbəli bina inşa edilir. Yerli İH Hüquq Şöbəsinin müdiri, mənzil problemləri üzrə məsul şəxs Gündüz Məmmədov İWPR-in bu məsələ ilə bağlı suallarını cavablandırarkən bildirib ki, bu ilin sonunadək istifadəyə veriləcək yeni bina 54 mənzillikdir. Bu isə o deməkdir ki, mənzil üçün müraciət edən 240-dan çox ailə, o cümlədən, Əliyevlər və İbrahimovlar növbəti binaların tikilməsini gözləməli olacaqlar.

Həm Ələs, həm də Gülöyşə hesab edirlər ki, yerli İH mənzıl növbəsinin siyahısını istədiyi ardıcıllıqla tərtib edib. Gülöyşənin bu ardıcıllığın şərtləri barədə fikirləri daha maraqlıdır: “Mən onların hansı prinsiplərə əsaslandığını bilmirəm. Bizə verdikləri cavabdan belə məlum olur ki, onlar bizim müraciətə baxdıqdan sonra və İH başçısı xüsusi sərəncam imzaladığı tarixdən adımız siyahıya salınıb. Lap, bu prinsiplə tərtib olunsa belə, mən o siyahını ədalətli hesab edə bilmərəm. Qoy, gəlib bir-bir baxsınlar, müraciət edənlərin hansının o mənzillərə daha çox ehtiyacı olduğunu görsünlər və təcililik prinsipi ilə növbə yaratsınlar. Nə qədər ki, bunu etməyiblər, mən o siyahını ədalətli hesab edə bilmərəm ”.

Rayon İH başçısının 1-ci müavini, mənzil komissiyasının sədri Baxış Abdullayev AzVision.az-ın sorğusuna cavabında mənzillərin məhz, Gülöyşənin təklif etdiyi prinsiplər əsasında veriləcəyini deyib: “Bina istifadəyə hazır olduqda, Veteranlar Şuralarının, Prezident aparatının və bir çox başqa qurumların nümayəndələrindən ibarət komissiya mənzil növbəsi çatan şəxslərin evlərinə, yaşayış şəraitinə baxış keçirəcək, müqayisələr aparılacaq və mənzillər daha çox ehtiyacı olanlara veriləcək ”.



Gündüz Məmmədov da, Baxış Abdullayev də ehtiyacı olanların evlərinə müraciətetmə ardıcıllığı ilə baxılacağını deyir. Ələs isə mənzil problemi ilə bağlı yerli İH-ə 2010-cu ildə müraciət edib. Digər tərəfdən, rayon veteranları şurasının sədri Orxan Əliyev onun ümumiyyətlə, mənzil növbəsinə alınmadığını deyir: “Ələs faktiki olaraq müharibə əlili olsa da, bu fakt onun sənədlərində öz əksini tapmayıb. İndi inşa edilən bina məhz müharıbə əlilləri və şəhid ailələri üçün nəzərdə tutulub. Biz təkcə faktlar üzrə deyil, həm də sənədlərə əsasən qərar veririk. Ələs həqiqətən, müharibə əlilidir və həqiqətən, mənzilə ehtiyacı var. Amma qoy o, ilk növbədə öz statusunu rəsmiləşdirsin. Bundan sonra biz onun məsələsinə baxa bilərik ”.

Rayon rəsmilərinin Ələsin mənzil növbəsinə alınması ilə bağlı təzadlı cavablarına Ələsin özü də təəccüb edir: “Mən İH-ə dəfələrlə yazılı və şifahi müraciətlər etmişəm. Sonuncu dəfə İH başçısının I müavini B. Abdullayev mənə növbədə 120-ci olduğumu bildirdi ”...

O. Əliyev Gülöyşənin bu il istifadəyə veriləcək evdən mənzil alma şansını müsbət qiymətləndirir: “Bəri başdan nə isə demək çox çətindir, amma mövcud şərtlər Gülöyşə Əliyevaya mənzil veriləcəyini istisna etmir. Mən onların evlərinə baxmışam və həqiqətən də mənzilə ehtiyacları olduğunu görmüşəm. Komissiya bu faktları gördükdən sonra, biganə qalmayacağını düşünürəm ”.

Təəssüf ki, bununla ölkədə mənzilə ehtiyacı olan müharibə əlilləri və şəhid ailələrinin problemi bitmir. Söhbət təkcə Goranboy rayon İH-də növbəyə alınmış 300 ailənin bu il mənzil ala bilməyəcək hissəsindən (146 ailədən) getmir. Hələ, nə qədər növbəyə alınmayanlar var!!!! Məsələn, Goranboy batalyonlarından birinin əsgəri ikən həlak olmuş şəhid Altay Zakir oğlu Cəfərovun anası Ema Qoca qızı Cəfərova 4 oğlu və onların ailələri ilə birlikdə Göygöl rayonunun Pənahlılar kəndində bir evdə yaşayır. Onun mənzillə təmin olunmaq barədə müraciətləri nə Göygöl, nə də Goranboy rayon rəsmiləri tərəfindən qəbul edilmir. Göygöldə ona: “Oğlun Goranboy batalyonunun əsgəri olub ”, Goranbaoyda isə: “Yaşadığınız rayon üzrə müraciət etməlisiniz”- cavabları verirlər.

Elşən Zülqədir oğlu Əbdülrəhmanov 2-ci qrup müharibə əlilidir. O, 1992-ci ildə Ağcakənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Onun da mənzil problemi var. O, hələ də növbəyə alınmayanlar sırasındadır.

Şəhid anası Əsibə Bəhrəm qızı Heydərovanın ümumiyyətlə, evi yoxdur. O, neçə illərdir ki, müxtəlif ünvanlarda qohumlarının evlərində yaşayır. Onun da mənzil növbəsinə alınmaq cəhdləri hələ də cavabsızdır.

Goranboy Azərbaycanın isti bölgələrindən sayılsa da, buranın da qışı adamı dondura bilir. Ələsin kiçik qızı cəmi 2 aylıqdır. Digər övladları da azyaşlıdır. Onlar bu qış və kim bilir daha neçə belə qışları özgə birisinə məxsus, külək əsəndə yarıqlarından qarın içəri sovrulduğu bir vaqonda qışlayacaq. Yüzlərlə evsiz və ev almağa imkanı olmayan ailələr necə? Onların əksəriyyətinin dövlətdən ev almaq imtiyazları da yoxdur. Məsələn, müharibə veteranları nə qədər ehtiyacı olsa belə, heç bir dövlət yardımına iddia edə bilməz. Öz evində yaşamaq imkanı əldə etmək üçün insan mütləq müharibədə əlil olmalıdırmı? Görəsən, bu ailələrə kömək etmək imkanı olanlar (mən təkcə rəsmi dövlət nümayəndələrini demirəm) qışda yarıuçuq, qızdırılmayan komada yaşamağın nə olduğunu bilirlərmi?

Cəmşid Bəxtiyar
Goranboy
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti