Ədliyyə orqanlarına qəbulla bağlı növbəti müsabiqə yekunlaşdı
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdikləri bu mərhələdə 18 nəfər zəruri keçid balı toplayaraq müsabiqədən keçib və Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin fevralın 17-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib (namizədlərin siyahısı nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib).
Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların ədliyyə orqanlarına qulluğa qəbul məsələsi həll olunacaq.
Eyni zamanda, Müsabiqə Komissiyası bir daha xatırladır ki, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir və müvafiq sayda növbəti namizəd qrupu formalaşdıqdan sonra Dövlət İmtahan Mərkəzi ilə birlikdə onlarla kompüter vasitəsilə test imtahanı keçiriləcək.
Aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: [email protected]).
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi Qəbul Müsabiqə