Sumqayıt teatrı 4 yeni tamaşa hazırlayır

Sumqayıt teatrı 4 yeni tamaşa hazırlayır
  05 Fevral 2020    Oxunub:3256
Sumqayıt Dövlət Dram Teatrında paralel olaraq dörd yeni əsər üzərində yaradıcılıq işləri aparılır.
Azvision.az xəbər verir ki, seçimdə ilk növbədə klassik dünya və Azərbaycan dramaturgiyası incilərinin təbliği, şəhərin əsas kontingentinin arzu və istəkləri, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşması, truppanın yaradıcılıq imkanları kimi nüanslar nəzərə alınır.

“Azərbaycan xalq nağılları içərisində ən çox məşhur olan, zəkanı və zəhməti, ədaləti, insanpərvərliyi təlqin edən “Göyçək Fatma”nın səhnə versiyası Bakıdan dəvət olunmuş gənc və istedadlı rejissor Gülnar Hacıyeva tərəfindən hazırlanır”, - deyən teatrın direktoru tamaşanın xalq yaddaşını müasir dövrün texnoloji üsulda, çağdaş teatr komponentləri ilə çatdıra biləcəyinə əmin olduğunu vurğulayıb. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edib ki, eyni zamanda teatrın rejissoru, Əməkdar artist Namis Şirməmmədov dahi Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edib. Hazırda “O olmasın, bu olsun” komediyasının məşqləri davam edir.

Mübariz Həmidov teatrının respublikada və dünyada keçirilən monotamaşalar festivallarına da töhfəsi olacağını qeyd edib. Belə ki, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov gənc yazar Ülviyyə Heydərovanın “Uşaqlıq” hekayəsi əsasında aktrisa İlahə Səfərova ilə maraqlı monotamaşa üzərində yaradıcılıq işi aparır. Eyni zamanda səhnəmizdə daha bir gənc rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ümid Abbas həmin müəllifin “Pələng” adlı monotamaşasını gənc aktyor Kamran Muradlı ilə birlikdə hazırlayır.

“Hər dörd tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı Elşən Sərxanoğludur. Hazırda teatrda sözügedən tamaşalar üzərində gərgin məşqlər gedir. Rejissorlar yaşlı və orta nəsil aktyor heyəti ilə bərabər gənc istedadlarla da çalışırlar. Onların yaradıcılıq imkanlarının realizəsi üçün zəruri şərait yaradılır”, - deyən Mübariz Həmidov tamaşaların fevralın sonu və mart ayında teatrsevərlərin ixtiyarına veriləcəyini bildirib.

Azvision.az



Teqlər: DramTeatrı  





Xəbər lenti