Xarici dil üzrə imtahan nəticələri açıqladı

  31 Yanvar 2020    Oxunub : 1562
Xarici dil üzrə imtahan nəticələri açıqladı
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün yanvarın 26-da keçirilən xarici dil üzrə imtahanın nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, namizədlər DİM-in internet saytında imtahan nəticələri, cavab kartının və esselərin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1489 namizəd iştirak edib. 30 nəfər imtahana gəlməyib. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahan nəticələrinə əsasən 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunmuşdur.

İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib, ümumilikdə 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıblar.

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün 2020-ci il 3-4 fevral tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Namizədlər Apelyasiya Komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Azvision.az

Teqlər: