AQTA Çin məhsullarına qadağa qoydu

  28 Yanvar 2020    Oxunub : 2163
AQTA Çin məhsullarına qadağa qoydu
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, bununla əlaqdar olaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azvision.az

Teqlər: AQTA