Böyük oyunların balaca qızı: Eko-hərəkatın gizli məqsədləri varmı?

  24 Yanvar 2020    Oxunub : 4722
 Böyük oyunların balaca qızı: Eko-hərəkatın gizli məqsədləri varmı?
2003-cü ildə İsveçdə dünyaya göz açan, insanların haqqında ağızdolusu danışdığı və bir etiraz aksiyasına 1,6 milyondan çox insanı toplamağı bacaran balaca qızcığaz dünyanın siyasi səhnəsində getdikcə önəmli fiqura çevrilməkdədir. Bu günə kimi ətraf mühitin qorunması ilə bağlı baş tutan aksiyalarda heç bir eko-aktivist bu qədər dəstək görməyib.
Müasir eko-hərəkatın simvoluna çevrilən Qretanın 17 yaşı var. O, 2 il əvvəl məktəbə getmək əvəzinə İsveç parlamentinin qarışında kiçik etiraz aksiyasi keçirməklə bütün dünyanın marağına səbəb oldu. Qreta ilk dəfə kütlə qarşısında Davos İqtisadi Forumunda çıxış etmişdi. Daha sonra Britaniya parlamentində və Avropa Parlamentində ətraf mühitin çirklənməsi, qlobal istiləşmə haqqında çıxışları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə başladı.

Atası yazıçı və aktyor, anası opera müğənnisi (2009-cu ildə Avroviziyada İsveçi təmsil edib) olan qızcığaz hesab edir ki, əgər alimlər atmosferə atılan tullantıların həcminin azaldılmalı olduğunu deyirlərsə, deməli, azaldılmalıdır.

Qreta Tunberq prinsipial olaraq, 4 ildən yuxarıdır ki, təyyarəyə minmir, çünki hava nəqliyyatının ekologiyaya böyük zərər vurduğunu düşünür. Buna alternativ olaraq, dəniz yolunu seçən Qreta sentyabrın 23-ü Nyu-Yorkda BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş sammitinə gəmi ilə getmişdi.

Həkimlər ona asperqer sindromu (autizmin bir forması) diaqnozu qoyublar. O, eyni zamanda vegeteriandır və ət yeməyi ətraf mühitə vurulan ziyan kimi qiymətləndirir. Bununla yanaşı, o, ikinci əl geyimlərdən istifadə edir, başqalarının paltarlarını geyinir, yenisini almır.

Trampla tvitter savaşı

Siyasi liderlərin arasında Qretanın fikirlərilə bağlı ikiyə bölünmə nəzərə çarpır. Bir tərəfdə onu tərifləyənlər, digər tərəfdə isə mənfi fikirlər söyləyənlər cəmləşiblər. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trampla görüşdən imtina edən, əvəzində eks-prezident Barak Obama, eləcə də Roma Papası Fransisk ilə görüşən 16 yaşlı aktivist hər iki liderdən böyük dəstək almağı bacarmışdı.
Britaniyanın keçmiş baş naziri Tereza Mey isə Greta Tunberqin çağırışlarını qətiyyən ciddiyə almadığını bildirmiş və onu dərsləri ilə məşğul olmağa səsləmişdi.
Xeyli müddətdir ki, Trampla Qreta arasında Tvitterdə sətraltı ittihamlarla dolu, atmacalı mübarizə getməkdədir. Əslində, Qretanın BMT-dəki çıxışından sonra Trampın ona məsxərə etməsi daha intensiv hal aldı. Güman olunur ki, Paris sazişindən çıxdığına görə, Qreta Trampa xüsusi kin bəsləyir.
Rusiya Prezidenti Vladimir Putin də Qreta Tumberqin BMT-dəki çıxışına münasibət bildirib. İsveçli aktivistin təşəbbüsünü yüksək qiymətləndirən Putin deyib ki, Qretanın çıxışında onu təəccübləndirəcək heç nə yox idi.

Onun arxasında kim var?

Nobel sülh mükafatına namizəd kimi göstərilən 16 yaşlı Greta Tunberqə dünya KİV-ləri də birmənalı yanaşmır. Məsələn, İsveç mətbuatı Qretanın arxasındakı gizli fiqurun Corc Soros olduğunu yazır. Hələ ki, bunu sübuta yetirəcək ciddi bir dəlil yoxdur.
Britaniyanın "Daily Mail" nəşri yazır ki, "Yeniyetmənin diqqət mərkəzinə çıxması düşünülmüş kampaniyanın nəticəsidir".
Hətta İsveçrənin "Weltwoche" jurnalı da dərc etdiyi məqalədə Qretanın arxasında kiminsə durduğuna qapalı eyham vurub.
"Echo24" nəşri yazır ki, Qreta artıq iqlim mühafizəsinin simvoluna çevrilib.



"The Guardian" qəzeti hesab edir ki, 16 yaşlı qız bütün çağırışlarında tam haqlıdır.
"Göteborgs-Posten nəşri isə fərqli baxış sərgiləyərək bildirir ki, balaca qızın bu oyuna alət edilməsi qəbuledilməzdir və heç bir halda uşaqlar aparıcı faktor ola bilməz.
“Aftonbladet" qəzeti sadə və fərqli fikirləri ilə diqqət çəkir. Qəzet hesab edir ki, ən doğru xəbəri uşaqlardan almaq lazımdır və Qreta haqlıdır.

Qretanın neft-qaz və Türkiyə nifrəti

16 yaşlı aktivist hesab edir ki, hər gün 100 milyon barrel neftin istehlakı dünyada iqlim dəyişikliyinə səbəb olan əsas problemdir. Neft-qaz sənayesinin əleyhinə olan fikirlərindən dolayı OPEC təşkilatı Qretanı və onun ətrafında birləşən gənc aktivisləri tənqid edib. Hətta OPEC-in bəzi rəsmiləri açıqlamalarında Qretanın çıxışlarının neft-qaz sektoruna yatırılan sərmayələrə, eləcə də verilən qərarlara ciddi təsir etdiyi qeyd olunub.

2019-cu ilin sentyabr ayında BMT-dəki çıxışından sonra gənc eko-aktivist bir neçə ölkədən UNİCEF-ə şikayət edib.
Dünyanı atmosferə buraxılan, qlobal istiləşməyə səbəb olan istixana qazalarını (karbon dioksid, metan) məhdudlaşdırmağa səsləyən Qretanın arxasında müəyyən lobbi güclərin olduğu deyilir. Çünki reallıqda dünyada 200 böyük şirkət var ki, atmosferi tullantılarla əsasən onlar çirkləndirirlər.

BMT-yə şikayət olunan ölkələrin arasında Türkiyənin (Fransa, Almaniya, Brazilya, Argentina) olması da diqqət çəkir. Səbəb kimi isə Türkiyənin iqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda ciddi addımlar atmaması göstərilmişdi.

Qreta kimin dəyirmanına su tökür?

Rusiya Prezidenti Vladimir Putin Qretanın BMT-dəki çıxışına münasibət bildirərəkən demişdi ki, onun kimi uşaqlar bəlli güc mərkəzlərinin əlində öz planlarını həyata keçirmək üçün alətə çevriliblər. “Hazırda neft enerji təminatında bir nömərli resursdur. Lakin o da yavaş-yavaş azalacaq və alternativ enerji qaynaqları ilə əvəzlənəcək”,- deyə Rusiya prezidenti bildirmişdi.

2010-cu ildə BMT-nin İqlim dəyişikliyinə həsr olunmuş müzakirələrində almaniyalı professor Otmor Edenhoferin dedikləri diqqət çəkir: "Biz dünyanın təbii zənginliklərini iqlim siyasəti adı altında yenidən koordinasiya etməyə çalışırıq. Bunun ətraf mühiti qorumaq siyasəti olduğunu demək, əslində, böyük yalandan başqa bir şey deyil. Ümumiyyətlə, bu siyasətin ətraf mühitin qorunması ilə heç bir əlaqəsi yoxdur. Yer kürəsində meşə örtüyünün azalması, yaxud, ozon qatındakı dəliyin genişlənməsi sənayenin günahı deyil". Bu nitq böyük səs-küy doğurmuşdu.

Gəlin, hadisələrə bir balaca fərqli yöndən baxaq. Qretanın BMT-dəki o təsirli nitqi, jestlər, xüsusi məşq olunmuş mimika və "How Dare You" (Buna necə cəsarət edirsiniz?) kimi ritorik sualı çoxlarında dərin iz buraxdı. Mötəbər kürsüdən söylənilən həmin çıxışdan sonra Qretaya sevgi bir qədər də artdı. Qretanın atası, babası və anası incəsənət adamlarıdırlar. Yəni o, aktyor ailəsində yetişib və ailə üzvlərindən lazımı dərsləri alır. Digər tərəfdən, yeniyetmə qızın BMT tribunasına yolu necə açılıb? İşin içində 1992-2000-ci illərdə ABŞ-ın vitse-prezidenti olmuş Albert Qor var və o, Qretaya ən böyük dəstək verənlərdən biridir. 2013-cü ildə Qreta Tunberq 10 yaşında ikən Albert Qor tərəfindən "İqlim aktivisti" olaraq seçilmişdi.

Digər iddiaya görə isə, Qreta sadəcə Britaniya maliyyə nazirinin başlatdığı və nüfuzlu ingilis banklarının əhatəsini genişləndirməyə çalışdığı "Yaşıl maliyyə strategiyası: maliyyə ehtiyatlarını daha yaşıl bir gələcək üçün sərf etmək" adlı planın bir parçasıdır.

Qretanın Avropa Parlamentindəki çıxışından sonra Jan Klod Yunker Avropa İttifaqı ölkələrinə növbəti 10 ildə milyardlarla avronu iqlim mövzusuna, alternativ enerjiə sərf etməyə çağırdı.

Neftin bazarı bağlanır?

Görülən işlərin nəticəsi olaraq, bu gün eko-sektora yatırılan vəsait 500 milyard dollara çatıb. Bunun nəticəsidir ki, Apple, SNCF, ENİ Oil, Chemical, HSBC, Balck Rock, Swiss Re, Goldman Sachs, Tesla və digər məşhur markalar bazarda payını genişləndirməkdədir. Lakin hədəf 45 trilyon dollarlıq eko-mallar bazarına sahiblənməkdir. Hər halda, gənc aktivistə Tesla Model-3 elektrik avtomobilinin hədiyyə göndərilməsi əbəs yerə deyildi.

Qreta Tunberqin timsalında hadisələrin xronogiyasına baxdıqda, ağıla istər-istəməz 2015-ci ildə yaşanan "Volksvagen qalmaqalı" və həmin hadisədə Birləşmiş Ştatların dizellə çalışan Volksvagen avtomobillərini atmosferə normadan artıq zərərli qazlar buraxmaqda ittiham etməsi yada düşür. Təkcə Volksvagenə qarşı yox, eyni zamanda dünyada Toyotaya qarşı da kampaniya başladılmışdı. Nəticədə Almaniya nəhənginin dünya bazarında satış həcmi azaldı. Beləcə, Nissan, BMW, Renault, özəlliklə ABŞ-a məxsus Tesla, Google, Apple kimi iri şirkətlərin elektriklə işləyən avtomobilləri önə çıxmağa başladılar.

2016-cı ildə "Independent" yazırdı ki, tezlikə Avropa benzin və dizeldən imtina edəcək. Proqnoz özünü doğruldur: Artıq Avropanın bir çox avto-konsernləri dizeldən, hətta benzindən imtina edəcəklərini açıqlayıblar. Ümumi mənzərə onu deyir ki, nəhəng avto-şirkətlər benzin və dizeldən imtina edirsə, deməli, neft-qaz ölkələrinə böyük zərər dəyəcək. Beləliklə, ən rentabelli enerji bazarı kimi tanınan Avropda karbohidrat yanacağının satışı azalacaq, bu da neftin qiymətinin düşməsinə səbəb olacaq.

Qreta sadəcə, prosesə simvolik olaraq təkan verən qıcığılcımdır. Dünya ictimaiyyətində 16 yaşlı balaca qızcığazın siması ilə müsbət rəy yaratmaq işə yarayır.

Fərrux Həsənov
Azvision.az üçün

Teqlər: Qreta   Eko-aktivizm   Ekologiya