Gənclər ədliyyə orqanlarının kadr korpusunun əsasını təşkil edir

  29 Dekabr 2019    Oxunub : 1320
Gənclər ədliyyə orqanlarının kadr korpusunun əsasını təşkil edir
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün gənclər ictimai-siyasi həyatda fəal iştirak edir, həmçinin ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsi olmaqla səmərəli fəaliyyətləri ilə fərqlənirlər. Dövlət başçısı tərəfindən respublikamızın hərtərəfli inkişafına uyğun olaraq aparılan struktur və kadr islahatları çərçivəsində yeni, savadlı, müasir dünyagörüşlü gənclər dövlət idarəçiliyinə irəli çəkilir, o cümlədən onlara rəhbər vəzifələr etibar olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilərək son 15 ildə şəffaf müsabiqələr əsasında əksəriyyətini gənclər təşkil edən 3000-ə yaxın şəxs qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis ali dövlət orqanında müxtəlif məsul vəzifələrə irəli çəkilib. Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir.

Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu sahədə aidiyyəti təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, eləcə də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün ixtisaslı gənc kadrlar hazırlanır.

Ümumilikdə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş 1300-ə yaxın gənc mütəxəssis Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub, tibb xidmətinin kadr korpusunun tam əksəriyyəti isə yenilənib. Eyni zamanda, kadrlardan daha səmərəli istifadə olunması məqsədilə onların vaxtaşırı rotasiyası üzrə tədbirlər görülərək təcrübəli işçilər rəhbər vəzifələrə irəli çəkilirlər. Cari ildə penitensiar və tibb xidmətləri üzrə 130-dək əməkdaş, o cümlədən 24 rəhbər işçi barəsində rotasiya tətbiq olunub.

Bu günlərdə Penitensiar Xidmətdə orta rəis heyəti vəzifəsinə qulluğa qəbulla bağlı, həmçinin penitensiar və tibb xidmətləri üzrə rəhbər vəzifələrə 50 nəfərə yaxın şəxs barəsində təyinatlar aparılıb.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Ədliyyə naziri Fikrət Məmmədov yeni təyinat alan əməkdaşlarla görüş keçirib.

Tədbirdə Ədliyyə naziri çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisini, bütün sahələrdə qazanılan yüksək nailiyyətləri vurğulayıb, həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini qeyd edib. Həmçinin dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından, könüllülük hərəkatının geniş təşviqindən bəhs edib.

Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlardan danışan nazir dövlət başçısının bu sahədə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlarının icrası üzrə görülən işlər barədə məlumat verib, ölkə başçısının dövlət qulluqçularının qarşısında qoyduğu tələbləri, Penitensiar Xidmətdə qulluq keçmənin xüsusiyyətlərini diqqətə çatdırıb.

Bildirib ki, xidməti vəzifələrin icrası zamanı qanunçuluq, insan haqları, vətəndaşlara layiqli xidmət, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya və digər qeyri-prosessual münasibətlərin yolverilməzliyi hər bir əməkdaşın üzərinə düşən ən ümdə vəzifədir.

Eyni zamanda, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən məhkumların hüquqlarının etibarlı qorunması, onlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi, dərman və digər təminatlarının yaxşılaşdırılması, istehsal sahələrinin genişləndirilməsi, tərbiyə, əməliyyat-rejim və mühafizə işinə nəzarətin gücləndirilməsi, Mühafizə Alayının işinin daha səmərəli təşkili, vaxtından əvvəl cəzadan şərti azadetmə institutunun tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Görüşdə yeni təyinat alan əməkdaşların üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəklərinə, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub, fəaliyyətlərində uğurlar arzulanıb.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi