Bu il AzTV-də 56 yeni veriliş açılıb

  20 Dekabr 2019    Oxunub : 1838
Bu il AzTV-də 56 yeni veriliş açılıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ilin yekunları ilə bağlı toplantı keçirilib.
Qurumdan Azvision.az -a bildirilib ki, QSC sədri Rövşən Məmmədov toplantıda il ərzində görülən işlərlə bağlı məlumat verib.

Bu il QSC-də ümumilikdə 56 yeni verilişin açıldığını deyən R.Məmmədov bunların 32-sinin AzTV, 12-nin Mədəniyyət TV, 12-nin isə İdman TV-də yayımlandığını söyləyib.

Hesabatda qeyd edilib ki, hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. İl ərzində QSC-də həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. 9 ekran əsəri isə istehsaldadır.

Bundan başqa, il ərzində 17 yeni studiya tikilib. Xüsusən də yayım sistemini rəqəmsallaşdırmaq və HD sistemə keçid üçün yeni server sistemi və server otaqları quraşdırılıb ki, görülən işlər nəticəsində gələn il AzTV-ni HD yayım sisteminə keçirmək mümkün olacaq.

16 HD kamerası və canlı bağlantıları təmin etmək üçün 2 ədəd Dejero markalı portativ strim avadanlığı alınıb. 69 ədəd mikrofon, 1 ədəd dron, 90 kompüter alınaraq istifadəyə verilib. Yaxın günlərə isə 10 yeni avtomobil də alınaraq avtotəsərrüfata təhvil veriləcək.

2019-cu il yanvar ayından noyabr aylarına qədər müddətdə minə yaxın əməkdaşın əməkhaqqısı artırılıb, qonorar artımı isə 96 faiz təşkil edib.

Uzun fasilədən sonra bu il Teleakademiyanın fəaliyyətində də irəliləyiş olduğu bildirilib. R.Məmmədov onu da qeyd edib ki, Teleakademiyaya il ərzində 153 nəfər qəbul olunub ki, onlardan da 73-ü məzun adını qazanıb. Həmin məzunlardan 21-i müqavilə əsasında QSC-də işə qəbul olunub.

Daha sonra qarşıda duran məsələlərin həllinə toxunulub, yeni planlardan danışılıb. QSC-də 3 mərtəbədən ibarət pavilyon və qonaq otaqlarının tikilməsi, TV binasında və radioda təmir-bərpa işlərinin həyata keçirilməsi, əməkdaşların qonorarlarının artırılması qarşıda duran planlara daxildir.

R.Məmmədov bildirib ki, görülən bütün işlərin və qarşıda duran strateji planların reallaşması, ilk növbədə, dövlətin Azərbaycan Televiziyasına xüsusi diqqət və qayğısından qaynaqlanır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, il ərzində ayrılan vəsaitlər Televiziyanın əməkdaşlarının maddi rifahının daha da yaxşılaşması, həmçinin zəruri texniki avadanlıqların alınması, TV-nin fəaliyyətinin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm önəm kəsb edir. Məhz bu diqqət və qayğı Azərbaycan TV və Radio Verilişləri QSC-nin öz işini daha peşəkar, məzmunlu və ən əsası müasir prinsiplər üzərində qurmağa stimullaşdırır.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunan bir qrup televizya və radio əməkdaşlarının mükafatları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya QSC kollektivi adından minnətdarlıq bildirilib.

Azvision.az

Teqlər: AzTV