Azərbaycanda dəmir yolu taksisi fəaliyyət göstərəcək

  13 Dekabr 2019    Oxunub : 6231
Azərbaycanda dəmir yolu taksisi fəaliyyət göstərəcək
Azərbaycan dəmir yolunda yeni sərnişin daşıma taksisi xidmət göstərəcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.



Onun sözlərinə görə, bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur: "Bildiyiniz kimi, dəmiryolu şəbəkəsində sərnişin və yükdaşıma müəyyən interval əsasında həyata keçirilir. İntervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə misal olaraq Şəkiyə və əks tərəfə hərəkət edə bilərlər. Belə bir layihə Yaponiyada tətbiq olunur. Azərbaycanda dəmir yolundan səmərəli istifadə etmək həm Azərbaycan vətəndaşları, həm də turistlər üçün sərnişin daşıma xidmətini yaratmağa hədəflənib",- deyə Ü. Mehdiyev qeyd edib.

Agentlik sədri, həmçinin əlavə edib ki, layihənin ciddi təhlükəsizlik konsepti hazırlanır və bütün sınaqlar aparıldıqdan sonra 2020-ci ilin sonlarına ilk prototip hazırlanacaq və layihənin pilot olaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Taksi   Dəmiryolu   ASAN-Xidməti