Bir ildə 100 nəfər xaricdə doktorantura təhsili alacaq

  18 Noyabr 2019    Oxunub : 1313
Bir ildə 100 nəfər xaricdə doktorantura təhsili alacaq
Xaricdə doktorantura təhsili üçün il ərzində 100 nəfərin qəbulu planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, doktoranturaya qəbul çətin proses olduğuna görə, xaricdə bu təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxs proqramdan yararlana bilər.

“Gələcəkdə müraciət sayının çoxluğuna görə bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".

N.Məmmədli qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz"

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil   Doktorantura