“Azərsu” yolu qazdı, təmir etmədi - İradlara cavab verildi

  07 Noyabr 2019    Oxunub : 1234
 “Azərsu” yolu qazdı, təmir etmədi - İradlara cavab verildi
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Bakıda su xətlərinin təmiri zamanı yol qazıntılarının aparılması və bununla bağlı cəmiyyətdə müəyyən narazılığın olmasına münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, Q.Hüseynov deyib ki, qəza olursa, mütləq yol qazılmalı və təmir işləri aparılmalıdır.
“Cəmiyyətdə belə təəssürat yaranır ki, “Azərsu” yolu qazdı, təmir etmədi, getdi. Ancaq elə deyil. Bizim asfalt təsərrüfatımız yoxdur. Ona görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz qəzanı aradan qaldırdıqdan sonra onlar həmin ərazidə asfaltı təmir edirlər. Bəzən elə olur ki, 2-3 kv metr yeri qazırıq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzlətsin. Ola bilsin, bu proses 1-2 gün çəkir. Ona görə də cəmiyyətdə belə fikir formalaşır ki, “Azərsu” qazdı, düzəltmədi. Hesab edirəm ki, haqlı iraddır. Biz agentliklə ciddi koordinasiya ilə işləyirik. Bildiyim qədəri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni texnikalar alıb ki, bu da təmir işlərini xeyli asanlaşdıracaq”, - deyə Q.Hüseynov bildirib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Azərsu   Yol