Ağdamda “Bayraq yürüşü” keçirilib - FOTOLAR (Yenilənib)

  07 Noyabr 2019    Oxunub : 4449
 Ağdamda “Bayraq yürüşü” keçirilib - FOTOLAR (Yenilənib)
Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Azvision.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır.

F.Qurbanov Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.



O, daha sonra Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.



Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyib.

Millət vəkili Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın Ermənistan işğalından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.

"Bu gün bayrağımızı cəbhə xəttinin bu tərəfində tutmuşuq. Lakin qəhrəman əsgərlərimizin və bizim də onların yanında durmağımızla bayrağımızı Şuşada, Xankəndində dalğalandıracağıq. O gün uzaqda deyil".



“N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan Silahlı Qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub.



























Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Ağdam   Bayraqyürüşü