Struktur islahatları: Başqa hansı qurumları birləşdirmək yerinə düşərdi? – TƏHLİL

      Struktur islahatları:    Başqa hansı qurumları birləşdirmək yerinə düşərdi? –    TƏHLİL
  29 Oktyabr 2019    Oxunub:8167
Azərbaycanda dövlət və iqtisadiyyatın idarə olunması mexanizmini təkmilləşdirməyə, başqa sözlə desəm, struktur islahatlarına böyük ehtiyac var. Bu, həm büdcə xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq baxımından olduqca vacibdir. Ancaq struktur islahatları çox ağrılı bir prosesdir. Ona görə də, bizdə bu sahədə həmişə kəskin ixtisarlardan, funksionallığın ilk vaxtlar çətin təmin olunacağından ehtiyat edilib. Bəlkə də o səbəbdən, bu sahədə komplekslilik müşahidə olunmayıb. İndi bax, məhz buna ehtiyac var.
Dövlət başçımızın Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli Fərmanı bu mənada çox mühüm və böyük addım oldu. Fərmanın girişində də yazılıb ki, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.

Odur ki, hesab edirəm, digər nazirliklər və komitələr üzrə də bu cür addımlar atmaq məqsədəuyğun olardı. Məsələn, Səhiyyə Nazirliyini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilmək üçün ortada kifayət qədər zəmin yaranıb. Əlbəttə, bu, subyektiv fikrimdir. Lakin, əsaslandırmağa çalışacağam.

Əvvəla, məlum olduğu kimi, gələn ildən ölkəmizdə icbari tibbi sığorta sistemi işə düşəcək. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılıb. Və Nazirlər Kabinetinin hələ bu ilin əvvəlindəki müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən məhz adı çəkilən quruma, yəni TƏBİB-ə verilib. Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla da ölkəmizdə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində bir növ yeniliyə imza atıldı. Bu, səhiyyədə idarəetmənin təkmilləşdirilməsi kimi də qələmə verildi. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət daşıdığından, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyırdı.

Təkrar edirəm: TƏBİB-in yaradılması icbari tibbi sığorta sisteminin tətbiqi məqsədi daşıyırdı. Onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində təsis olunması da buna sübutdur. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar, habelə nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına reallaşdırılacaq; onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə aid tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Sözün qısası, ölkədə səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən birini də əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlər təşkil etdiyindən, idarəetmə mütləq başqa ələ verilməli idi. Bu səbəbdən də Səhiyyə Nazirliyini, xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələri, yəni, əgər belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrası funksiyasından xilas etmək lazım gəlirdi.

Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə məhz strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, eyni qurum və yaxud bir əl tərəfindən həyata keçirilməsi dayanır. Energetika sektorunda, nəqliyyatda və sairədə bu vəziyyətdən xilas ola bilmişik. İcbari tibbi sığorta sisteminin tətbiqi isə səhiyyədə bunu tələb edirdi.

İkinci bir məsələ isə ondan ibarətdir ki, səhiyyə xidməti özü sosial müdafiə siyasətinin tərkib hissəsidir və ƏƏSMN əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən, əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya ilə yanaşı, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində də dövlət siyasətini həyata keçirir.

Başqa sözlə desəm, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkili üzrə tədbirləri də icra edir. Ümumiyyətlə, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 38 sayda tibbi-sosial ekspert komissiyasından, 11 əlillərin bərpa mərkəzindən, Bakı Protez Ortopedik Mərkəzi və sairədən ibarətdir ki, adı çəkilən xidmət tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirməyi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir, onların reabilitasiyasını həyata keçirir.

Odur ki, bütün bunlara bahəm, sual yaranı: Həm səhiyyə müəssisələri TƏBİB-in tabeliyinə keçdikdən sonra, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası kimi məsələr özü səhiyyə xidmətinə aid seqmentlər təşkil etdiyindən, Səhiyyə Nazirliyini ƏƏSMN-ə birləşdirilmək məqsədəuyğun olmazdımı?

Yuxarıda qeyd etdim ki, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ölkəmizdə səhiyyə xidmətində idarəetməni təkmilləşdirilmək kimi qələmə verildi. Yəni, siyasət icra işlərindən ayrıldı. Ancaq bu, bütövlükdə səhiyyə sistemində idarəetməni təkmilləşdirmək istiqamətində yalnız ilkin addım kimi dəyərləndirilməlidir. Belə ki, təkrar edirəm, səhiyyə sosial müdafiə siyasətinin tərkib hissəsi olduğundan bu sahədə kurs bir əldə cəmləşməli, idarəetmədə, inzibatçılıqda "bir pəncərə" sistemi hökm sürməlidir.

Və nəhayət, üçüncü əsaslandırmam ondan ibarətdir ki, səhiyyə sahəsində dövlət siyasətinin sosial müdafiə məsələlərinə cavabdeh olan qurum tərəfindən icrası xarici təcrübədə də var. Belə ki, Yaponiyada, qonşu Rusiyada və Gürcüstanda, o cümlədən, Cənubi Koreyada və s. səhiyyə ilə sosial müdafiə siyasəti bir qurum tərəfindən həyata keçirilir. Və effektliliyini də əyani büruzə verir.

Sonda isə bir məqama da toxunmaq istərdim. Bizdə səhiyyə üzrə xərclər dövlət büdcəmizin məxaricində 4-5% civarında çəkiyə sahibdir. Dünya ölkələri sırasında səhiyyə xidmətindən istifadəyə görə həm əhali sarıdan, həm də dövlət tərəfindən ən çox vəsait xərclənilən ölkə Birləşmiş Ştatlardır. 2017-ci ilin statistikasına görə, hər orta səviyyəli amerikalının səhiyyə xidmətindən istifadəyə görə xərclədiyi vəsaitin həcmi 4 500 dollardan 8 300 dollaradək təşkil edib. Bu zaman, dövlətin əhalinin rifahı üçün səhiyyəyə xərclədiyi vəsaitin həcmisə 10 209 dollara bərabər olub. Sonuncu rəqəm İsveçrədə 8009 dollar, Luksemburqda 6475 dollar, Norveçdə 6351 dollar, Almaniyada 5728 dollar, İsveçdə 5511 dollar, İrlandiyada 5449 dollar, Avstriyada 5440 dollar, Hollandiyada 5386 dollar, Danimarkada isə 5183 dollar təşkil edib.

Göründüyü kimi, keyfiyyətli və geniş çeşiddə tibbi xidmət həm də iqtisadi inkişafdan, başqa sözlə desəm, əhalinin maddi durumundan asılı məsələdir. Dövləti və əhalisi kasıb olan ölkədə yüksək səviyyəli tibbi xidmət praktik olaraq mümkün deyil. Eyni zamanda, dövləti varlı, əhalisi isə qeyri-mütənasib maliyyə imkanlarına malik ölkədə də səhiyyədə tam mənada pulsuz xidmət müşkül məsələdir. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin mükəmməl çalışması əhalinin gəlirlərinə və iqtisadiyyata bağlı məsələdir.

Odur ki, səhiyyəmizdə islahatlara əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar ilə birgə yanaşmalı və bunlar bir müstəvidə nəzərdən keçirilməlidir. Belə ki, səhiyyədə yüksək xidməti hədəfə alan dövlət və hökumət paralel olaraq vətəndaşların maddi rifahını yüksəltmək istiqamətindəki səylərini da əsirgəməməli - hər iki istiqamətdə siyasət bir xətt üzrə həyata keçirilməlidir.


Pərviz Heydərov
Azvision.az üçün





Teqlər:





Xəbər lenti