Səudiyyə qrupu Sumqayıt `Texno-parkında`

Səudiyyə qrupu Sumqayıt `Texno-parkında`
  12 Dekabr 2013    Oxunub:3180
Səudiyyə Ərəbistanı nümayəndə heyətinin bir qrupu Sumqayıt Texnologiyalar Parkı ilə tanış olub.
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin tərkibindəki bir qrup iş adamı Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

AzərTAc xəbər verir ki, STP-nin icraçı direktoru Sahib Musayev qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

STP-nin tərkibində fəaliyyət göstərən ilk müəssisələrdən biri - Kabel Zavodu qonaqlarda xüsusi maraq oyadıb. Məlumat verilib ki, zavod regionun ən böyük kabel istehsalçısıdır. Burada istehsal olunan məhsullar yaxın vaxtlarda Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiyaya ixrac ediləcəkdir. Ən qabaqcıl texnologiyaların quraşdırıldığı zavodda hazırda gün ərzində 80 min tona yaxın alüminium, 80 tona yaxın misdən istifadə edilməklə, 6500 çeşiddə məhsul istehsal olunur. Müəssisədə həmçinin optik rabitə kabelləri də hazırlanır.

Daha sonra qonaqlar Sənaye Parkında fəaliyyət göstərən digər zavodlarla da tanış olmuşlar. Bildirilmişdir ki, qısa müddətdə 250 hektarlıq ərazidə Cənubi Qafqazda unikal müasir texnopark yaradılmışdır. Burada 4 mindən çox işçi çalışır. Artıq 17 zavod işə salınmışdır və gələn il daha üç müəssisə açılacaqdır. Sumqayıt texnoparkı bütövlükdə əsasən ixrac məhsulları istehsal edən 30 zavod və müəssisəni birləşdirəcək və burada 10 mindən artıq insan işləyəcəkdir. 2012-ci ildə STP iki beynəlxalq İSO standartı almışdır ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxarılmasına imkan yaradıb.

STP-nin iş prosesinin maraqla izləyən, Azərbaycanın uğurlu inkişafına heyran olduqlarını bildirən qonaqlar Sumqayıt Texnologiyalar Parkından xoş təəssüratla ayrılıblar.


Teqlər:





Xəbər lenti