Deputatlar maaş artımına SEVİNDİLƏR

Deputatlar maaş artımına SEVİNDİLƏR
  10 Dekabr 2013    Oxunub:2490
Millət vəkillərinin maaşının artırılması cəmiyyətin əksər təbəqələri tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi millət vəkilləri də indiki şəraitdə maaş artımına ehtiyac olmadığını hesab edirlər.

Milli Məclis üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı AzVision.az-a açıqlamasında maaş artımına münasibət bildirib.

Deputatın sözlərinə görə, parlamentarilərdən fərqli olaraq əhalinin aşağı təbəqəsinin əməkhaqqı artırılmalı idi.

“Maaşımızı deməyə utanırdıq”



“Millət vəkilləri əhalinin nisbətən yaxşı maaş alan təbəqəsidir. Amma başqa ölkələrlə müqayisədə bizim millət vəkilləri o qədər də yüksək maaş almırlar, yəni maaşımız azdır. Biz kimləsə söhbət edəndə , öz maaşımızı deməyə utanırıq. Amma hesab edirəm ki, millət vəkillərinin maaşı əhalinin aşağı maaş alan təbəqəsi ilə bərabər artırılmalıdır. Onların maaşı artırılsa, bizim də maaş artırılmalıdır”.

S. Rüstəmxanlı hesab edir ki, deputatların maaşının xüsusi reklam edilərək, artırılmasına ehtiyac yoxdur.

“Mən Milli Məclisdə bu barədə danışmışdım. Bildirmişdim ki, millət vəkillərinin maaşı yanacağın qiymətinin artırılmasından sonra onlara çatmayacaq. Rayonlara gedib-gəlməyinə, istənilən səviyyədə faəliyyət göstərmələrinə çatmayacaq. Bu dediklərimi də bəzi mətbuat orqanları elə yozmuşdular ki, guya mən ancaq millət vəkillərinin maaşının artmağının tərəfdarı kimi çıxış etmişəm. Mən bunu müqayisə üçün demişdim, yəni ki, millət vəkillərinin maaşı indiki şəraitdə yetərli görünmürsə, onda görün əhalinin aşağı maaşlı təbəqəsi necə yaşayır. Yanacağın qiyməti artan kimi bütün xidmət sahələrində qiymət artır. Belə olan halda güman edirəm ki, əhalinin digər təbəqələrinin də maaşı qalxmalıdır”.

Xəbərim yoxdur, maaşımız artıb?



Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə maaş artımından xəbərsizdir:

“Əvvəlcə deyim ki, maaşın qalxmasından xəbərim yoxdur. Artırıblarsa, çox sağ olsunlar, artıq nə deyə bilərəm ki?”.

“Əla iş görüblər..”



Milli Məclisin digər üzvü İqbal Ağazadə isə həmkarlarının maaş artımını yüksək qiymətləndirib:

“Hamının maaşının artırılmasını istəyirəm. Maaş artımına kim pis deyə bilər ki? Kimin maaşını artırsalar, deyərəm ki, əla iş görüblər”.

Qeyd edək ki, dekabrın 17-də “Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. Nəticədə parlament üzvlərinin maaşı artacaq. Milli Məclisin sədri 1950 manatdan - 2250 manata; I müavin 1755 manatdan - 2025 manata;Sədr müavini 1650 manatdan - 1912 manata;Komitə sədri 1560 manatdan - 1800 manata;Komitə sədrinin müavini 1462 manatdan - 1687 manata;sıravi deputat 1365 manatdan - 1575 manata qədər qalxacaq.

Dəyişikliklər. dekabrın 1-dən qüvvəyə minəcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti