"Qırğı" uçdu: Tramp “göyərçin”ə çevrilir? – TƏHLİL

  14 Sentyabr 2019    Oxunub : 3947
 "Qırğı" uçdu: Tramp “göyərçin”ə çevrilir? – TƏHLİL
ABŞ və İran prezidentləri Donald Trampla Həsən Ruhaninin bu ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında görüşünün müzakirələrinin aparılması fonunda Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, “müharibə qırğısı”Con Bolton istefaya göndərildi.
Boltonun istefasından bir gün sonra mətbuata açıqlama verən ABŞ-ın dövlət katibi Mayk Pompeo Trampla Ruhaninin görüşünün baş tutacağını bəyan etdi. Bu, əslində uzun müddətdir davam edən “Pompeo-Tramp şavaşı”ndan birincinin qalib çıxdığını təsdiq edən açıqlama idi. Xarici siyasətlə bağlı bir çox məsələlərdə Pompeo ilə Bolton arasında fikir ayrılıqlarının mövcudluğu Vaşinqtonun vahid strategiyasının olmaması təəssüratını yaradırdı. Amerika tərəfinin dəvətilə “G7”-nin toplantısına gələn İranın xarici işlər naziri Cavad Zərifi prezident Donald Trampın qəbul etməməsi İranla bağlı Ağ Ev administrasiyasında ciddi fikir aylığının mövcudluğunu açıq nümayiş etdirdi. Odur ki, Boltonun istefasının İran prezidenti Ruhaninin də diqqətindən yayınmaması anlaşılandır.

“Amerikalılar anlamalıdırlar ki, militaristlər və militarizm onların maraqlarına cavab vermir. Militaristlər getməli və ABŞ “qırğı” siyasətindən əl çəkməlidir”,- deyən Ruhaninin Boltona işarə etdiyi heç kimdə şübhə doğurmadı. “İranın bombasını dayandırmaq üçün İranı bombalamaq lazımdır” adlı məqalə ilə 2015-ci ildə “The New York Times” qəzetində çıxış etmiş Con Boltonun bu mühüm vəzifədən azad edilməsi Həsən Ruhanini sevindirməyə bilməzdi.

Ancaq Tramp Boltonu İrana görə deyil, Şimali Koreya məsələsinə görə vəzifəsindən azad etdiyini açıqlayıb. “Con – mənin çox yaxşı münasibətlərim olan insandır. Ancaq o, bəzi səhvlər etdi. O, Şimali Koreya ilə Liviya kimi davranmağı məsləhət görürdü. Qəddafinin başına gələnləri nəzərə alsaq, heç də yaxşı bəyanat deyildi. O, (Bolton) çox sərt oğlan idi”,- deyə ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Beləliklə, Donald Tramp iki il yarımlıq prezidentliyi dövründə milli təhlükəsizlik üzrə artıq üçüncü məsləhətçisini istefaya göndərdi. Ağ Evdə milli təhlükəsizlik üzrə məsləhətçi mərkəzi fiqur, administrasiyanın “boz kardinalı” hesab olunur. Bu postu tutan şəxs ölkənin xarici siyasət, təhlükəsizlik, kəşfiyyat və maliyyə üzrə bütün dövlət qurmlarının işini əlaqələndir, ölkə prezidentinə strateji məsələlərlə bağlı tövsiyələr hazırlayır və Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarır. Faktik olaraq, Ağ Evin siyasi xəttini müəyyən edən əsas fiqurlardan biri hesab olunur.

Con Bolton konservativ görüşləri ilə tanınan, Respublikaçılar partiyasının ənənəvi “müharibə qırğısı” siyasətinin fəal tərəfdarı kimi çıxış edən dövlət xadimi idi. Hələ 2001-ci ildə, Respublikaçılar partiyasının nümayəndəsi kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ dövlət katibinin müavini olan Con Bolton Rusiya ilə ABŞ arasında raketdən müdafiə sistemlərinə məhdudiyyət qoyulmasına dair Müqavilədən çıxmasının vacibliyini sübut etmiş və Vaşinqtonun bu razılaşmadan çıxmasına nail olmuşdu. Milli təhlükəsizlik üzrə məsləhətçi çalışdığı Donald Trampın dövründə isə, Rusiya ilə imzalanmış orta və yaxın məsafəli raketlərin məhvinə dair Müqavilədən Vaşinqtonun birtərəfli qaydada çıxmasına nail oldu.

Corc Buşun ikinci prezidentliyi dövründə ABŞ-ın BMT-dəki səfiri olan Con Bolton o vaxtkı dövlət katibi Kolin Pauellə birlikdə BMT Təhlükəsizlik Şurasında İraqın nüvə silahının olduğunu sübut etməyə çalışır və Səddam Hüseynə qarşı müharibəyə hazır olan dövlətlərdən ibarət koalisiya yaradırdı. Məhz bu komandanın dövründə İraqa qarşı hücum həyata keçirildi və Səddam Hüseyn hakimiyyətdən devrildi.
Con Bolton “müharibə qırğısı” siyasətini tənqid edənlərə cavab olaraq İraq və Əfqanısta hücumların səhv addım olmadığını vurğulayır, səhvin müharibədən sonra aparılan siyasətdə olduğunu deməklə Demokratlar partiyasının siyasətini dolayı yolla tənqid edirdi.

Donald Trampla çalışdığı dövrdə də Bolton İran və Şimali Koreya ilə danışıqların aparılmasına qarşı çıxır, bunu vaxt itkisi hesab edir, bu danışıqların əslində həmin rejimlərin legitimliyinin tanınması anlamına gəldiyini və bu yolla onların vaxt qazandığını bildirirdi.

ABŞ-ın xarici siyasətdə göstərdiyi sərt mövqe öz fəsadlarını verməyə başladı və nəticədə Vaşinqton çoxlu düşmən qazanmaqla yanaşı, geosiyasi anlamda tərəfdaşsız qaldı. Rusiya və Çinə qarşı iqtisadi sanksiyaların tətbiq olunması Şimali Koreya ilə danışıqlarda Vaşinqtonun bu ölkələrin dəstəyindən məhrum olması ilə nəticələndi.
Venesuelaya qarşı sərt siyasət Cənubi Amerika qitəsində yeni müharibə ocağı yaratmaq üzrədir: Artıq Maduro hərbi təlimlərə başlayıb və ABŞ Rusiyanın bu ölkədə yaxın və orta məsafəli raketlər yerləşdirməsindən sığortalanmayıb.
Paralel olaraq İranla Rusiya Suriyada hərbi fəallıqlarını artırmaqla Bəşər Əsədin ölkənin böyük hissəsi üzərində nəzati qaytarmasına nail oldular. Britaniyanın ABŞ-ın təzyiqləri ilə Avropa Birliyindən çıxmasının tezləşdirilməsi isə Avropa ölkələri arasında Amerikaya qarşı münasibətlərin dəyişməsinə gətirib çıxardı.

ABŞ-ın xarici siyasətdə sərt addımlarını davam etdirməsi üçün Britaniya kimi tərəfdaşa ehtiyacı var, lakin “Breksit”in daha bir il uzanması perspektivi ABŞ-ın planlarını pozdu. Trampın faktik olaraq bu prezidentliyi dövründə müharibə planlarını həyata keçirməyə vaxtı qalmır və hazırda Vaşinqtonun üzərinə düşın əsas məsələ pozulmuş münasibətlərin bərpa edilməsidir.

Tramp anlayır ki, özünü “qırğı” kimi tanıtmış Boltonun “dostluq” təklifinin səmimiliyinə kimsə inanmayacaq və məhz bu səbəbdən milli təhlükəsizlik üzrə məsləhətçinin dəyişməsi ehtiyacı yaranıb. Boltonu istefaya göndərməklə Tramp eyni zamanda özünün korlanmış beynəlxalq imicini bərpa etmək ümidindədir.

Tofiq Vahid
Azvision.az üçün

Teqlər: Bolton   Tramp