Ölkəmizə qarşı dini-ideoloji təhdidlər edirlər - Komitə

  11 Sentyabr 2019    Oxunub : 1705
 Ölkəmizə qarşı dini-ideoloji təhdidlər edirlər - Komitə
Müasir dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, dünyada cərəyan edən xoşagəlməz proseslərə baxmayaraq, ölkəmizdə ənənəvi dinlərin inkişafı üçün yaradılmış münbit şərait bu sahənin inkişafını şərtləndirir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın nümunəvi formatı formalaşıb. Məhz, bu anlayışların inkişafı dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib şərtlərdəndir".

S.Heydərov Aşura mərasimləri ərəfəsində bölgələrdə keçirilmiş qanvermə aksiyalarını unikal nümunə kimi dəyərləndirib. O, vurğulanıb ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib. Həmçinin bölgələrdə vəhdət namazlarının qılınmasının da İslam dinində birliyin yaradılması, məzhəbçiliyin aradan qaldırılması baxımından müsbət təşəbbüs və ənənə kimi dəyərləndirilib. Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” kimi elan olunması Azərbaycanın bütün dünyada sülhə və sabitliyə vermiş olduğu töhfə kimi qiymətləndirilib.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ermənipərəst dairələr tərəfindən ölkəmizə qarşı həm siyasi, həm də dini - ideoloji təhdidlərlə müşayiət olunur.

Əsl dinin cəmiyyətin bütün sahələrində qəbul edildiyini deyən S.Heydərov bildirib ki, məhz İslam dini əsrlərlə Azərbaycan xalqının ümumi keyfiyyətlərini, əxlaqını formalaşdıran, hər bir fərdi şəxsiyyətə çevirən əsas mənəviyyat mənbəyi olub.

Azvision.az

Teqlər: Dini-Komitə