“Qadınlar arasında anemiya 38,2 faiz olub” - AQTA sədri

  09 Sentyabr 2019    Oxunub : 1168
 “Qadınlar arasında anemiya 38,2 faiz olub” - AQTA sədri
Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərəfdaşlığı ilə, UNİCEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən təşkil edilib.
Azvision.az -ın məlumatına görə, agentliyin sədri, Qoşqar Təhməzli bildirib ki, bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur: "Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya nəzər salsaq görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyər çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun- qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə bu problemlemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır".

Q.Təhməzli qeyd edib ki, aparılmış araşdırmaların nəticələrinə görə, bu gün ölkəmizdə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var: "Qadınlar arasında isə bu göstəricilər daha yüksəkdir. Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.

Agentlik sədrinin sözlərinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb. Hazırda bu prosses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır.

UNİCEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin seminarın əlverişli vaxta təsadüf etdiyini qeyd edib. “Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir”, - deyə o qeyd edib. “Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”.

Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir.
Qeyd edək ki, beş gün davam edəcək tədbir çərçivəsində “Unun səmərəli zənginləşdirilməsi üzrə Regional Potensialın Artırılması” sahəsində Mərkəzi Asiya və Avropa ölkələri üçün regional təlim keçiriləcək.

Azvision.az

Teqlər: AQTA