Aliment böhranı, yoxsa, qadın nadanlığı?! - Murad Köhnəqalanın yazısı

   Aliment böhranı, yoxsa, qadın nadanlığı?!  -    Murad Köhnəqalanın yazısı
  27 İyun 2019    Oxunub:12926
Mən saxlanılana qədər ölkədə aliment probleminin bu qədər kəskin olduğunu düşünmürdüm. Rayon polis şöbəsindəki müvəqqəti saxlanma yerində dördadamlıq kamerada dörd nəfərdən üçü, məhz, aliment borcunu vaxtında ödəyə bilmədiyinə görə tutulmuşdu.
Aydındır ki, aliment böhranı, əsasən, əhalinin işsiz təbəqəsi arasında yaşanır. Məhkəmə çox vaxt tərəflərin maddi vəziyyətini dəqiq araşdırmadan aliment təyin edir. Beləcə, maddi durumu aşağı olan kişinin boynunda yığılan aliment borcuna görə keçmiş arvadın əlinə öc almaq fürsəti düşür və o, məhkəməyə dalbadal şikayət edərək, uşaqlarının atasını həbsə atdırıb “qələbə qazanır”. Sual yaranır, bəs, qadın bu durumda nə(lər) eləməlidi?

Statistikaya görə, Azərbaycanda orta hesabla bir gündə 45 boşanma aktı qeydə alınır. Boşanmaların sayı həddən artıq yüksəkdir və bununla əlaqədar, problemlərin də sayı durmadan artır. Boşanma prosesində ən çox dartışılan məsələlərdən biri aliment söhbətidir. Alimenti kim kimə verməlidir, alimentin məbləği necə müəyyən edilir, aliment verməli və almalı olan şəxslərin maddi gəliri necə hesablanır və s. Məsələ burasındadır ki, aliment təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanununda xeyli humanist, ədalətli, eyni zamanda, xırdalıqlarına qədər işlənməyən, boş buraxılan detallar var. Odur ki, boşanma prosesində bu detalları dəqiqliyi ilə araşdırmaq və obyektiv qərar qəbul etmək işi aparan məhkəmənin boynuna düşür. Məsələnin ən qəliz yeri də elə burasındadır.

Bizdə cütlük boşanırsa, uşaqların saxlanmasına dair bütün xərcləri, öhdəliyi, məsuliyyəti məhz kişinin belinə yükləyirlər. Halbuki, qanunda göstərilən əsas müddəaya görə, uşaqların saxlanması üçün ana da ata qədər məsuliyyət və cavabdehlik daşıyır. Yəni, övladına maddi və mənəvi dəstək olmaq, onu 18 yaşına qədər himayə etmək ananın da birbaşa borcu və vəzifəsidir. Bizdə boşanan qadınların əksəriyyəti isə qanunun bu tələbindən bixəbərdir və onların bu vəziyyətdə olmasında məhkəmələrdən tutmuş, cəmiyyətə, ailə üzvlərinə qədər hər kəs günahkardır.

Bizim xanımlar həyat yoldaşları ilə ayrıldıqdan sonra, enerjilərini təhsillərini artırmağa, işləməyə, sosiallaşmağa, maddi və mənəvi güclərini artırmağa yox, keçmiş ərlərini güdməyə xərcləyirlər. Öz həyatını yenidən qura bilməyən, passiv həyat tərzinə meyilli olan qadınlarda psixi pozuntular yaranır və onlar çox vaxt “irəlini görmək üçün” falçılara dadanırlar. Beləcə, ailədə diskomfort yaradan bu tip anaları övlad tərəfindən atılma və sadalamaq istəmədiyim çoxlu sayda bədbəxtliklər gözləyir. “Bir cəmiyyəti tanımaq istəsən, qadınlarının vəziyyətinə bax”, - deyimi də var. Qədim müdriklərə görə qadın necədirsə, cəmiyyət də o cürdür: ağıllıdırsa ağıllı, xoşbəxtdirsə xoşbəxt, bədbəxtdirsə bədbəxtdi. Bəs, bizim qadınlarımız niyə xoşbəxt ola bilmirlər?
Olduqca sadə səbəbdən!

Onlar xoşbəxtliyi evdə oturub seriala baxmaqda, “ər çörəyi” yeməkdə, xalaoğlunun toyuna bahalı xonça aparmaqda, qohum qadınlarla qızıl-mızıl yarışına girməkdə, oğul evləndirib, qız köçürməkdə görürlər. Bəs, niyə hamıda bu növ xoşbəxtlik alınmır? Ona görə ki, hər kişi təkəri mən boyda olan maşına, bahalı xonçaya, qızıl-brilyanta, ağır cehizə girişə bilmir. Kişilərimiz qadınlarımızın sonsuza qədər qaynayıb, balalayan arzularını yerinə yetirməkdə çətinlik çəkirlər. Təkcə qızına cehiz verə bilmədiyinə görə özünü öldürən ataların sayı cəmiyyətimizin faciəsindən xəbər vermirmi? Ama, gəlin, baxaq görək, Azərbaycan tarixində özünü cehizə görə öldürən ana olubmu? Yoxdur! Çünki, o məzlum ataları ölümün qucağına, məhz o analar itələyir. Onlar kişinin, ərin, atanın şəxsiyyətini, qürurunu sındırmağın bütün amansız üsullarını bilirlər. Üstəlik, arxalarında özlərinin yaratdığı mənasız toplumun ağzında tutduğu mənasız mental cümlə dayanıb: “Övladına cehiz (maşın, ev, pul, qızıl) verə bilməyəcəkdisə, onu dünyaya niyə gətirirdi?” Sanki, uşağın dünyaya gəlməsində ananın heç bir rolu olmayıbmış!..

Halbuki, övladını sevən ana, nə olursa-olsun, uşağının atasına pislik etmək haqda düşünməməlidir.
Ayrılanda isə övladını ataya qarşı kin-küdurətlə silahlandırmamalıdır.
Uşaqları kişiyə qarşı qalxan kimi istifadə etməməlidir.
Övladını “pis kişinin törəməsi” janrında aşağılamamalıdır.
Övladının psixikasına mənfi təsir edəcək hər hansı ifadəni, kəlməni işlətməməlidir.
Övladının qarşısına öz eqosunu təmin edəcək şərtlər və öhdəliklər qoymamalıdır.

Boşanmış qadınlar əlinə keçən bu fürsətdən yararlanaraq, serial pultunu yerə qoyub, arxasını divandan qaldırmalı, sosiallaşmalı, özünü gəlişdirərək sənət öyrənməli, yarımçıq şəxsiyyətini bütövləşdirməyə çalışmalı, iqtisadi azadlığı üçün iş tapıb, işləməli və birbaşa cəmiyyətə atılmalıdı.

Murad Köhnəqala
Azvision.az



Teqlər: Boşanma   Aliment   qadın   ailə  





Xəbər lenti