“Bakı-2019” : Səfirlər üçün brifinq təşkil edilib

   “Bakı-2019”   : Səfirlər üçün brifinq təşkil edilib
  19 İyun 2019    Oxunub:2625
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edilib.
Gənclər və İdman Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə 36 ölkədən 40-a yaxın nümayəndə iştirak edib. Əməliyyat Komitəsinin nümayəndələri Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə az bir zamanın qaldığı vaxtda, ümumilikdə, görülmüş işlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan, sadəcə, idmanın inkişafı ilə deyil, eyni zamanda ölkədə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyur: "Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır. Sayca 15-ci dəfədir keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı gənc idmançıların dostluq və həmrəylik bayramıdır. Ümid edirik ki, qarşıdan gələn festivalın da yüksək səviyyədə təşkili idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək". Sonra Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Azvision.az



Teqlər: Bakı-2019  





Xəbər lenti