Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnir keçirilib

Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnir keçirilib
  13 İyun 2019    Oxunub:2118
Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında açıq respublika turniri keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Mətbuat Şurasının və “Olimpsport” jurnalının birgə təşkilatçılığı ilə keçirilən yarışda 200-dək idmançı qüvvəsini sınayıb.

Turnirin təşəbbüskarı, güləş üzrə Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev yarış haqqında təəssüratlarını bölüşərək deyib: “Bu yarışı keçirmək çoxdankı arzum idi. Çünki Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ edib yaşatmaq hər bir azərbaycanlı kimi mənim də borcumdur. Əslində bu turniri beynəlxalq səviyyədə keçirmək niyyətində idik. Maddi vəziyyətlə bağlı hələ ki respublika səviyyəsində keçirmək qərarına gəldik. Bu, həm də bizim üçün test xarakteri daşıyır. Əsas odur ki, ənənənin təməlini qoyduq. Məqsədimiz yeniyetmələrimizin mübariz ruhlu yetişməsi və güləşin kütləviliyini artırmaqdır. Ümid edirəm ki, gələn il bu yarış federasiyanın təqvimində yer alaraq daha geniş miqyasda keçiriləcək”.

Yarışa marağın böyük olduğunu vurğulayan turnirin təşəbbüskarı bildirib ki, paytaxtla yanaşı, bölgələrdən ondan çox komanda mübarizə aparıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Güləş Federasiyasına və Mətbuat Şurasına minnətdarlığını bildirib.

Turnirin açılış mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qaliblər diplom və medallarla təltif olunublar.

Azvision.az


Teqlər: Mübariz-İbrahimov   Milli-Qəhrəman   Güləş   Turnir  





Xəbər lenti