Bakı aeroportu 1,23 milyon sərnişinə xidmət göstərib
Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi "Buta Airways"in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz təşkil edib. Ümumilikdə Azərbaycanın beynəlxalq hava limanları 4 ayda 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.
Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən - Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin "flyNas", "Kuwait Airways" və Türkiyənin loukosteri "Pegasus"un uçuşlarının bərpa edilməsi planlaşdırılır.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə "Skytrax World Airport Awards" versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal "5 Ulduz" statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Sky Travel Awards" versiyası üzrə 10 milyonadək sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.
Azvision.az