NYT: “Tramp-Putin gündəliyində Ukrayna yeganə məsələ olmayacaq”

      NYT:    “Tramp-Putin gündəliyində Ukrayna yeganə məsələ olmayacaq”
  27 Yanvar 2025    Oxunub:542
Donald Tramp və Vladimir Putinin münasibətləri həmişə sirr və psixodrama mövzusu olub. Son bir həftə ərzində prezidentlər bir-birini artıq “sancmağa” və tərif deməklə bir-birini ovsunlamağa çalışıblar. Ancaq bir şey aydındır - onlar danışıqlara hazırlaşırlar: super güclə super güc, liderlə lider.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin yazdığına görə, Rusiya və ABŞ liderləri ilk söhbətlərinə zəmin yaradaraq, sadəcə yalnız Ukraynadan danışmaq istəmədikləri barədə siqnallar göndərirlər. Putinin fikrincə, bu münaqişə Qərbin Rusiyaya qarşı mübarizə apardığı arenalardan sadəcə biridir.

“Putin bir neçə gün əvvəl deyib ki, Moskva və Vaşinqton zəmanəmizin əsas problemlərinə, o cümlədən strateji sabitlik və iqtisadiyyata birgə həll yolları axtara bilərlər. Ola bilsin ki, prezidentlərin ilk görüşü zamanı mövzu nüvə silahı üzrə danışıqların bərpası ilə bağlı olacaq. Bu mövzu ilə bağlı yaxınlaşan son tarix var: hər iki ölkənin arsenalını məhdudlaşdıran əsas müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatır”, - NYT vurğulayır.

Keçən həftə Donald Tramp “denuklearizasiya” həyata keçirmək istədiyini açıqladı. Çox yəqin ki, o, bununla strateji nüvə silahlarının ehtiyatlarını məhv etmək yox, azaltmaq üçün yeni saziş barədə danışıqları nəzərdə tuturdu. Putin isə öz növbəsində “strateji sabitlik”lə bağlı müzakirələrin bərpasından danışıb.

- Bu, danışıqları aparanların yalnız hər bir tərəfin yerləşdirdiyi nüvə silahlarının sayını deyil, həm də onların harada yerləşdiyini, necə yoxlanıldığını və istifadəsini məhdudlaşdırmaq yönündə hansı addımların atıldığını əhatələyən danışıqların təsvir olunması üçün istifadə etdikləri termindir”, - nəşr bildirir.

Silahlara nəzarət üzrə son ilkin danışıqlar 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından bir qədər əvvəl yekunlaşıb. NYT-nin iddiasına görə, o vaxtdan bəri Kreml, nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı istənilən danışıqların Ukraynadakı hərbi münaqişənin həllini ehtiva etməli olduğu təklifini irəli sürür.

Lakin Moskvanın nüvə arsenalını yalnız Ukraynada işğal etdiyi ərazilərin tanınması müqabilində məhdudlaşdırmaqda israrlı olacağndan ehtiyatlanan Bayden administrasiyası bu iki məsələni birləşdirməkdən boyun qaçırıb. Daha geniş danışıqlara açıq görünən Donald Tramp isə belə güzəştləri qəbul etməyə hazır ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Ukrayna   nüvə  





Xəbər lenti