Ben-Qvir: "Bu, qələbə deyil"

      Ben-Qvir:    "Bu, qələbə deyil"
  27 Yanvar 2025    Oxunub:618
"Netsarim keçidinin bu səhər açılması, on minlərlə qəzzalının zolağın şimalına qayıtması alçaldıcı atəşkəs sazişi nəticəsində HƏMAS-ın qələbəsini göstərir".
Bu sözləri İsrailin sabiq milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir özünün "X" hesabında yazıb. O bildirib ki, atəşkəs sazişi "ölkəyə mütləq qələbə yox, mütləq təslimiyyət gətirib".

"Qəhrəman əsgərlərimiz Qəzzada ona görə canlarından keçməyiblər ki, indi bu kadrları (qəzzaların şimala qayıdışını - red.) izləyək. Müharibəyə qayıtmalı, (terrorçuları - red.) məhv etməliyik!", - nazir vurğulayıb.

Fələstinin HƏMAS terror təşkilatı ilə razılaşmanı mütəmadi surətdə "İsrail üçün ağır məğlubiyyət" kimi qiymətləndirən Ben-Qvir Qəzzada tərəflər arasında atəşkəs qərarı verildiyi gün - yanvarın 19-da istefa verib.

"Əminəm ki, Netanyahu öz vəzifəsində qalacaq, amma mən gedəcəyəm. Çünki atəşkəs sazişi əlləri qanlı yüzlərlə terrorçunun sərbəst qalması, yeni cinayətlər törətməsi, İsrailin özünümüdafiə zərbə vurulması, qanımız bahasına çatdığımız uğurların puça çıxması deməkdir. Hökuməti dəstəkləyirik, ancaq məğlubiyyətə bərabər razılaşmanın ortağı deyilik", - o, yanvarın 17-də "X"də yazmışdı.
İsrail qəzzalıların zolağın şimalına qayıtmalarına icazə verib - VİDEO

Digər tərəfdən, İsrailin xarici işlər naziri İsrael Kats da qəzzalıların şimaldakı yurd-yuvalarına qayıtmalarına öz reaksiyasını bildirib. O söyləyib ki, "qaydaları pozan, yaxud İsrail Silahlı Qüvvələri üçün təhlükə yaradan hər kəs ağır cavab verəcək".

"7 oktyabr şəraitinə qayıtmağa imkan verməyəcəyik", - o, "X"də diqqətə çatdırıb.

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri Qəzza zolağının şimalından hərbi əməliyyatlar səbəbi ilə didərgin düşmüş fələstinlilərin öz yurd-yuvalarına qayıtmalarına bu gün yerli saatla 7-dən etibarən icazə verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   köç   nazir   şərh  





Xəbər lenti