AzVision.az “NBC News” telekanalına istinadən xəbər verir ki, hər birində təxminən 80 miqrant olan ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki C-17 təyyarəsi Qvatemalaya yola düşüb. Ancaq Meksikaya planlaşdırılan üçüncü uçuş baş tutmayıb. Meksika tərəfinin imtinasının konkret səbəbləri hələlik açıqlanmayıb.
Amma Meksika hakimiyyəti ABŞ-nin birtərəfli hərəkətləri, o cümlədən miqrantları qonşu dövlətdə sığınacaq tələblərinə baxılmasını gözləməyə məcbur edən “Meksikada qal” proqramının bərpası ilə razılaşmadığını açıqlayıb.
Xatırladaq ki, yanvarın 20-də andiçmə günündə Donald Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb. Amerika prezidenti bildirib ki, bu, qeyri-qanuni miqrantların kütləvi şəkildə daxil olmasının qarşısını almaq üçün cənub sərhədinə qoşun yeritməyə imkan verəcək. Əvvəllər Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və kütləvi deportasiyaların aparılması ideyasını müdafiə edib.
Sahil İsgəndərov
AzVision.az