“Pulum olsa, özüm haqqında film çəkdirərəm” - 69 yaşlı güldürən adam

“Pulum olsa, özüm haqqında film çəkdirərəm” -  69 yaşlı güldürən adam
  14 May 2019    Oxunub:7223
"Səhər tezdən ağızları yağ-pendirli gəlib məni öpdülər"

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür. 69 yaşını qeyd edən aktyor ad günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Arif müəllim, deyəsən, doğum gününüzü iş başında keçirirsiniz?

- Serial çəkilişindəyəm, doğum günlərimi təmtəraqlı qeyd edən deyiləm. Yalnız 70 illik yubileyimi keçirməyi düşünürəm.

- 69 yaşınız tamam olur, deyirlər ki, yaş kişi üçün var-dövlətdir. Bəs, siz necə düşünürsünüz?

- Qocalıq, yaşın çoxluğu zirvədir. İnsan müdrikləşir, kamilləşir, yaşa dolduqca həyatı daha yaxşı başa düşür.

- Sizi indi müdrik insan hesab etmək olar?

- Onu şəxsin özü deyə bilməz. Bir adam haqqında yaxşını, pisi kənardan soruşarlar. Özü deməməlidir. Bu düzgün deyil, təvazükarlıqdan uzaqdır.



- Bəs, yaşa dolduqca başa düşdüyünüz nə oldu?

- Başa düşdüm ki, düzgün olmaq, həqiqəti dərk etmək, insanları başa düşmək, yaxşılıq etmək, xoş rəftar göstərmək lazımdır. Biz gəldi gedərik, qalan isə yaxşılığımız və qazandığımız rəhmət sözü, əməllərimizdir.

- Sizdən sonra insanların yaddaşında nə qalacaq?

- Məndən sonra insanların yaddaşında obrazlarım qalacaq. Obrazlarımı insanlar necə qəbul ediblərsə, qavrayıblarsa, dərk ediblərsə, onların özləri bilər.

- 69-dan geriyə boylansanız, ən çox hansı illəriniz üçün darıxarsınız?

- Təbii ki, yardıcılıqla daha çox məşğul olduğum illər yadıma düşür. 1982-ci ildən sonra 20-30 il ərzində teatrda işlədiyim, filmlərə çəkildiyim vaxtları yada salıram. O illəri unutmaq qeyri-mümkündür. Həmin illərdə yaratdığım obrazlar dünyaya gəliblər, insanları maraqlandırıb cəlb ediblər. Arxaya baxanda obrazlarımı görürəm.



- Daha çox hansı obrazınız üçün darıxırsınız?

- “Qaynana”da Əli rolu, “Bəyin oğurlanması”da Miriş obrazı üçün darıxıram. Həyatın özü Mirişin “salam” və “sağ ol”undan ibarətdir. Gəlirəm "salam" deyirəm, gedirəm "sağ ol" deyirəm.

- Ad gününüzdə sizə nə hədiyyə olunmasını istərdiniz?

- Maddi kömək olsa, özüm haqqında film çəkərdim. O filmdə göstərmək istərdim ki, zəhmətlə qazanılmış sənət həmişə səni irəli aparır, sevdirir.

- Sizin üçün stimul nədir, yaxud nədən güc alırsınız?

- Stimul odur ki, mən bu gün də fəaliyyətdəyəm. Televiziya verilişlərində oluram, seriallara çəkilirəm. Filmlərə dəvət alıram. Toylar olanda ora gedirəm. İşləyirəm, fəaliyyətdəyəm. Bax, budur mənim üçün stimul.

- Nəvələriniz sizi necə təbrik etdilər?



- 4 nəvəm var, məktəbdə oxuyurlar. Adımı daşıyan Arif adlı nəvəm 8-ci sinif şagirdidir. Nəvələr səhər ağızları yağ- pendirli gəlib məni öpüblər. Bunun özü də bir gözəllikdir.

- Darıxmırsınız ki?

- Qəti darıxmıram, məndə darıxmaq pozisiyası yoxdur.

- Maddi imkanınız yol versəydi, doğum gününüzü xarici ölkələrdən birində keçirmək istərdinizmi?

- Mən xaricə getməyi o qədər də arzulamıram. Ən ucqar bir kəndə konsertə getmək istərdim. Uzaqda olan insanlar qoy məni görsünlər. Xaricdə çox az olmuşam. Təyyarəyə minə bilmirəm. Doğrudur, bir neçə dəfə minmişəm. Haradasa 15-20 il əvvəl olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Arif-Quliyev  





Xəbər lenti