“Vətəndaşların ehtiyacları dərindən araşdırılmalıdır” - Əli Əhmədov

“Vətəndaşların ehtiyacları dərindən araşdırılmalıdır” -   Əli Əhmədov
  14 May 2019    Oxunub:2314
Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb.

Azvision.az xəbər verir ki, üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.
Forumun açılışında Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

"Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən islahatlar tutur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması Azərbaycan hökümətinin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir".

Ə.Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan Azərbaycan vətəndaşları sosial təminatla əhatə olunub.

"Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu aliələlərin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırılmalı və həll olunmalıdır.

Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, Avropa ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib. O, növbəti Avropa Regional Sosial Təminat Forumunun Azərbaycanda keçirilməsi qərarına görə BSTA-ya minnətdarlıq ifadə edib, ötən dövrdə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda bu Forumun da yüksək səviyyədə təşkil olunduğunu deyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti