Kanadada yaşayan sumqayıtlı alim

   Kanadada yaşayan sumqayıtlı alim
  14 May 2019    Oxunub:12034
Zəhmətkeş xanımdır. Yaşadığı binanın yaxınlığındakı balaca bir torpaq sahəsində özünə bostan salıb. Orada müxtəlif gül-çiçək, tərəvəzlər yetişdirir. Təbiətlə təmasda olmağı çox xoşlayır. Təkliyi sevmir, insanlarla ünsiyyətdən mənəvi zövq alır. Mütaliə etməyi vacib sayır. Hazırda Homerin İlliada əsərini oxuyur.
Söylədiyinə görə pianoda musiqi ifa edərkən bütün yorğunluğunu unudur. Avropa, Amerika elmi jurnallarında onlarla məqaləsi işıq üzü görüb. Müxtəlif konfranslarda elmi çıxışlar edib.

Deyir ki, "Azərbaycan qadınını güclü görmək istəyirəm. Arzulayıram ki, vətənində heç bir sıxıntı olmadan övladlarını rahat böyüdə bilsin".

Haqqında söhbət açdığım bu azərbaycanlı xanım Sumqayıt şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 35 nömrəli məktəbdə alıb. Eyni zamanda 2 saylı musiqi məktəbində beş il qarmon dərslərinə gedib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsilə yiyələnib. 1997-2002-ci illərdə Bakıda, İstanbulda müxtəlif işlərdə çalışıb. 2002-ci ildən Kanadanın Toronto şəhərində yaşayır.

Ömür-gün yoldaşı Əkbər Məcidov Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirib. Dörd övladı vardır. Üç oğlan, bir qız. Hamısı Torontoda orta məktəbdə oxuyurlar.

Kanadaya gələndən sonra üç il tərcüməçi işləyib. 2005-2006-cı illərdə Karlton Universitetində Avropa və Rusiya araşdırmaları üzrə magistraturada təhsilini davam etdirib. 2006-2012-ci illərdə Toronto bələdiyyəsində ahıllar evlərinə xidmət göstərən sosial qayğı departamentində kordinator işləyib. 2012-2016-cı illərdə Ruhi-əsəb xəstəxanasında mənəvi danışman vəzifəsində çalışıb. Eyni zamanda 2011-2016-cı illərdə Toronto Universitetində psixoterapiya üzrə doktorantura pilləsində elmi araşdırmalarla məşğul olub. Sonda psixoterapiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Həmçinin 2011-ci ildən Toronto Universitetində mental xəstəliklərin potologiyası və islam psixoteropiyası fənnlərini tədris edir. 2014-cü ildən özəl psixoloji məsləhətxana açaraq insanlara xidmət göstərir.



"Əl tutmaq, yardım etmək, bağışlamağı bacarmaq insanlığa xas olan ən vacib mənəvi dəyərlərdən biridir. Bu məqsədlə 2005-ci ildə bir neçə azərbaycanlı qadınla birləşərək "Azərbaycan Qadınlarına Dəstək Mərkəzi"ni yaratdıq. Müxtəlif tədbirlərlə yanaşı Torontoda məskunlaşan xanımlarımıza maddi və daha çox mənəvi yardımlar edirik", - deyir.

O, həm də yazıçıdır. İndiyədək ingilis dilində iki kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. "Şiddətə məruz qalmış müsəlman qadınlarına psixoterapiya" kitabı elmi tədqiqatlar əsasında yazılıbsa, "Məhəbbətin şərbəti" isə bədii yaradıcılığının məhsuludur.

Sadə, təvazökar, necə deyərlər, ipək qəlbli bu xanımın arzuları çoxdur. Onların böyük əksəriyyəti insanlığa xidmət, ehtiyacı olanlara maddi və mənəvi yardım etməkdən ibarətdir. Bəli, sizinlə Kanadanın Toronto şəhərində yaşayan, fəaliyyəti ilə xalqımıza başucalığı gətirən Nazilə xanım İsgəndərova barəsində söhbət edirdim.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Kanada   Sumqayıt   Alim  





Xəbər lenti