“Təhsil və tibb müəssisələrində seksizm halları baş verir” - Komitə rəsmisi

“Təhsil və tibb müəssisələrində seksizm halları baş verir” -  Komitə rəsmisi
  13 May 2019    Oxunub:3740
"Seksizm ailədə, özəl, ictimai sahədə hüquqların pozulmasıdır. Bu, bir çox hallarda seksizmə məruz qalanların intiharına gətirib çıxarır"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda deyib.
Komitə rəsmisi bildirib ki, Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. "Ailənin özünəməxsus stereotipləri var, buna görə bu istiqamətdə çalışmaq çətin olur və bu məsələlər intihara gətirib çıxarır. Əhalinin bütün səviyyələrində problem keçərli ola bilər. Biz bununla ictimai nəqliyyatda, tədbirə gedəndə, hər yerdə rastlaşa bilərik. XXI əsrdə yaşayırıq, məcburi nikaha cəlb edilmə hələ də var. Dünya üzrə hər 30 saniyədə bir nəfər insan alverinin qurbanına çevrilir, 700 milyon qadın məcburi nikaha daxil edilir".

E.Səfərov qeyd edib ki, Azərbaycan əhalisinin 25-34 yaşlı hissəsinin 85 faizi sosial şəbəkələrdə ən azı bir saat vaxt keçirir: "Baxırıq ki, sosial şəbəkələrdə gedən reklamlarda seksizm baş alıb gedir və bu, davamlı şəkildədir".

E.Səfərov bildirib ki, seksizm məsələləri qanunvericilik aktlarına, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "Gender təminatı haqqında" qanuna daxil edilməlidir. "Burada xüsusi proqramlar aparılmalıdır, milli tədbirlər keçirilməlidir. Qanunların həssas qruplara aid olması nəzərə alınmalıdır. Ayrı-seçkiliyə qarşı mübarizə aparmalıyıq, qadın hüquqları ilə bağlı işləmək üçün bu sahəyə pul ayırmalıyıq. Sərmayə yatırmasaq, görülən işlərin faydası olmayacaq. Bir çox təşkilatların seksizm hərəkətlərinə qarşı mübarizə aparması vacibdir".

Komitə rəsmisi vurğulayıb ki, seksizmlə mübarizə sistemində ya ayrıca institut yaradılmalı, ya da komitənin nəzdində transformasiya etmək lazımdır: "Bunun üçün maliyyə ayrılmalıdır. Düşünürəm ki, bunun hüquqi tərəfini də fikirləşməliyik. Gender bərabərliyi, qadın və qızlara qarşı edilən seksizm hərəkətləri ilə bağlı xüsusi tədqiqatlar aparılmalıdır. Mediada real vəziyyəti göstərmək lazımdır ki, nələr edilir və qadınlarla bağlı hansı problemlər var".

Mətbuat katibinin fikrincə, seksizmə qarşı mübarizə aparmaq əsas prioritetdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQUPDK   Elgün-Səfərov  





Xəbər lenti