XİN: Britaniyanın tövsiyələri təəccüb doğurur

  XİN:  Britaniyanın tövsiyələri təəccüb doğurur
  12 May 2019    Oxunub:3342
UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sözügedən tövsiyələri şərh edərkən bildirib.

"Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ" – "Çelsi" futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar", - deyə XİN rəsmisi qeyd edib.

L.Abdullayevanın sözlərinə görə, Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti