DAİM-in II Respublika müşavirəsi keçirilib
Müşavirədə çıxış edən İnam Kərimov ötən ilin sonunda aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığını, yeni qurumun xidmət strukturu kimi fəaliyyət göstərdiyini deyib.
Nazir DAİM-lərin l Respublika müşavirəsində verilmiş tapşırıqların icra vəziyyətinin müzakirə ediləcəyini bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi addımlar atılmaqdadır.
Qeyd etmək istəyirəm ki, ötən müşavirədə DAİM-lər qarşısında çox ciddi tapşırıqlar qoyulub. Rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi, gübrə, toxum və texnika ilə təminat məsələləri ön plana çəkilib. Bu istiqamətlərdə bir sıra addımlar atılıb, qarşıda duran məsələlərin həlli istiqamətində çox ciddi işlər görülüb. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğu üçün biz məqsədlərimizə çatmaq üçün qarşımıza qoyulan bütün vəzifələrin icrasını təmin etməli və ölkə Prezidenti İlham Əliyev tərəfindən qarşımızda qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq".
Nazir müşavirədə taxıl biçininə hazırlıq, pambıq səpininin vəziyyəti, barama istehsalının mövcud durumu, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görülən işlər ətrafında müzakirə aparılacağını deyib.
Kürdəmir DAİM-in direktoru Mətləb Kərimov "Kürdəmir rayonunda pambıqçılığın mövcud vəziyyəti və yaxşı təcrübə nümunələri", Füzuli DAİM-in direktoru Hüseyn Abbasov "Füzuli rayonunda baramaçılığın inkişaf vəziyyəti və yeni hədəflər", Şəki DAİM-in direktoru Mehman Yusibov "Şəki rayonunda taxılçılıq: məhsuldarlığın artırılması üçün innovativ yollar" mövzusunda məruzə ilə çıxış ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət Proqramlarının icrası, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarının fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər, Kooperativlərin yaradılması üzrə DAİM-lər tərəfindən təşviqat işlərinin aparılmasının zəruriliyi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Müşavirədə yekun nitqi söyləyən nazir İnam Kərimov DAİM-lər bundan sonrakı fəaliyyətlərində duran əsas vəzifələrə toxunub. Yerli qurumların qarşısında duran əsas vəzifənin daim fermerlərin yanında olmaq olduğunu deyən nazir bildirib ki, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyəti gücləndirmək vacibdir. Nazir DAİM-lərin ll Respublika Müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.