“Heydər Əliyev o vaxt rəhbərlikdə olsaydı, Qarabağ problemi yaranmazdı” - Prezident
Ölkə başçısı bildirib ki, bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət edib: "Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi".
Prezident deyib ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı:
"O vaxtdan xalqımız üçün böyük problemlər başladı. Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaradıldı və separatçı meyillər geniş vüsət aldı. Pensiyada olan Heydər Əliyev Moskvada yaşayırdı və hər zaman Azərbaycan haqqında düşünürdü. Görürdü ki, respublikada vəziyyət kifayət qədər mürəkkəbdir, xoşagəlməz hallar baş verir, respublika tənəzzülə uğrayır. Hadisələrin gələcək inkişafı göstərdi ki, onun təhlili demək olar tam dəqiq və düzgün idi.
Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev öz səsini ucaltdı, öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm. Yadımdadır ki, biz daimi nümayəndəliyə gələndə orada çox böyük kütlə var idi, insanlar toplaşmışdılar, çox həyəcanlı idilər. Heydər Əliyevi görəndə onlar canlı dəhliz yaratdılar, kənara çəkildilər və Heydər Əliyev binaya daxil oldu. O vaxt Heydər Əliyev pensiyaçı idi, ona qarşı müxtəlif dövrlərdə qarayaxma kampaniyaları aparılırdı. Ancaq xalqın qəlbində o, lider, görkəmli şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu kimi yaşayırdı. Həmin gün ona göstərilən hörmət əlbəttə ki, həmişə bizim yadımızda qalacaqdır.
O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il var idi. Bəlkə də heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Ona görə məhz o anda, xalqımız üçün ən ağır anda Heydər Əliyevin bu addımı, bu bəyanatı əlbəttə ki, böyük cəsarət tələb edirdi, bir daha onu göstərirdi ki, o, hər zaman Azərbaycan xalqı ilə bir yerdədir. Ondan sonra bu qanlı cinayətə etiraz olaraq uzun illər ərzində üzvü olduğu kommunist partiyasının sıralarını tərk etdi. Bu da böyük cəsarət tələb edirdi. Təbii ki, ondan sonra ona və onun ailə üzvlərinə qarşı təzyiqlər, təqiblər başlamışdır. Bu təzyiqlərin müxtəlif formaları var idi. Bir sözlə, ona təzyiq etmək və cəzalandırmaq üçün praktiki addımlar atılırdı. Hətta bizdə məlumat var idi ki, onun həbsi ilə bağlı məsələ müzakirə edilirdi.
Bakıya gəldi, ovaxtkı rəhbərlik ona Bakıda yaşamağa imkan vermədi, doğulduğu Naxçıvan Muxtar Respublikasına üz tutdu. O da tarixin hökmü idi. Çünki o vaxt Naxçıvan çox ağır vəziyyətdə idi. Erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında Naxçıvanın işğalı da var idi. Məhz Heydər Əliyev amili, onun iradəsi, xalqın ona olan inamı Naxçıvanı bu böyük bəladan qurtara bildi. O vaxt onun rəhbərliyi ilə Naxçıvanda səfərbərlik işləri aparılmışdır. Sərhəddə şiddətli döyüşlər gedirdi və Naxçıvan öz torpağını qoruya bildi.
Naxçıvanda digər yaddaqalan hadisə Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar ölkə miqyasında qəbul edilsin. Yəni, bu, tarixdir. Bu tarix bir daha göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı".
Prezident, həmçinin qeyd edib: "Azərbaycanda ovaxtkı vəziyyət bizim yadımızdadır. O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.
Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər. Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. O vaxt Azərbaycanda mətbuat azadlığı yox idi. Senzuranın ləğvi də Ulu Öndərin gələcəyə yönəlmiş baxışlarını tam əks etdirirdi".
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Heydər-Əliyev