Miqrasiya Xidmətində Heydər Əliyev anılıb - FOTOLAR
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov xalqımızın və dövlətimizin xilaskarı Ümummilli lider Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, dahi öndər ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq və dövlət üçün yorulmadan fəaliyyət göstərib, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb.
Xidmət rəisi qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ölkənin bütün sahələri inkişaf edib və Azərbaycan Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib. İkinci dəfə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqını, dövlətini zamanın ağır sınaqlarından çıxardıb. Daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycan Respublikasının müstəqilliyini əbədi və dönməz edib.
Ulu öndərin uzaqgörən siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurub, inkişafın Azərbaycan modelini yaradıb. Son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Fəxr edirik ki, bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib.
Vüsal Hüseynov söyləyib ki, bu gün respublikanın hər bir bölgəsində bayram əhval-ruhiyyəsi ilə qeyd edilən tədbirlər tarixi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərinə xalqımızın sonsuz ehtiramının və sevgisinin təzahürüdür: “Biz xoşbəxtik ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil müasir Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Biz hər zaman dahi öndərin həyata keçirdiyi siyasətə, azərbaycançılıq ideyalarına sadiq qalacaq və sədaqətlə dövlətimizə xidmət edəcəyik”.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Tədbirə yekun vurulduqdan sonar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabana gələrək Ulu öndərin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Azvision.az
Teqlər: DMX HeydərƏliyev