“Hüquq sistemində islahatlar davamlıdır” - İlqar Abbasov

 “Hüquq sistemində islahatlar davamlıdır” -  İlqar Abbasov
  10 May 2019    Oxunub:8045
"Ölkəmizin hüquq sistemində islahatlar davamlıdır. Çünki müasir dünyamız sürətli qloballaşır, cəmiyyətimiz sürətlə inkişaf edir, ayrı-ayrı sahələrdə yeni münasibətlər meydana çıxır"
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib. Bakı şəhər prokuroru qeyd edib ki, müasir kommunikasiya texnologiyaları sürətlə inkişaf edir.

"Təbii ki, cinayətkarlığın da yeni formaları təzahür edir. Bütün bunlar hüquq sistemində islahatların davamlı və sistemli şəkildə həyata keçirilməsini qaçılmaz edir. Bu baxımdan nəzər salsaq görərik ki, ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 il mütəmadi hüquqi islahatların aparılması ilə də əlamətdardır. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı təsdiq etdi ki, hüquq sistemindəki islahatlar davamlıdır.

Fərmanda qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda prokurorluq orqanlarının da fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı tövsiyələr verilib. Belə ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ali Məhkəməyə tövsiyə edilir, habelə Ədliyyə Nazirliyinə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Həmçinin Baş Prokurorluğa tövsiyə edilir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün".

İ.Abbasov əlavə edib ki, hüquqi islahatların nəticəsi olaraq Bakı şəhər prokurorluğu da daim işini təkmilləşdirib, fəaliyyətində qanunçuluğun təmini, insan hüquqlarının qorunması, ədalət, şəffaflıq və qərəzsizlik kimi prinsipləri əsas götürüb.

"Bakı şəhər prokurorluğunun hüquq qaydalarının möhkəmləndirilməsi, törədilmiş cinayət hadisələrinin üstünün açılması ilə bağlı fəaliyyətində özünü göstərən müsbət göstəricilər təsdiq edir ki, paytaxtın prokurorluq orqanları qanunçuluğun təmin olunması üçün qanunla müəyyən olunmuş vəzifələrini layiqincə yerinə yetirir. Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə respublikamız inkişafının keyfiyyətcə yeni mərhələsində daha böyük uğurlara imza atacaq. Son dövrlərdə ayrı-ayrı sahələrdə başlanan yeni islahatlar, o cümlədən hüquq sistemində islahatların dərinləşdirilməsi bunu əminliklə söyləməyə əsas verir. Nəticə etibarilə Azərbaycan hüquqi dövlət olaraq özünün nailiyyətlərini daha da artıracaq, yüksək göstəriciləri ilə inkişaf etmiş ölkələrin cərgəsində yer alacaq".

Azvision.az


Teqlər: Bakı   Prokuror  





Xəbər lenti