Ermənistan rəhbərliyinin Şuşa səfərinə XİN-dən reaksiya

Ermənistan rəhbərliyinin Şuşa səfərinə XİN-dən reaksiya
  10 May 2019    Oxunub:2721
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib.
Azvision.az xəbər verir ki, rəsmi Bakı bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bəyan edib:

"Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.

Hadisələrin bundan sonrak mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar".

Azvision.az



Teqlər: XİN   Şuşa   Qarabağ  





Xəbər lenti