“Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdi” - Komitə sədri

“Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdi” -  Komitə sədri
  08 May 2019    Oxunub:1743
Azərbaycan tarixən dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində formalaşıb. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ölkədə müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb.

"Əgər sovetlər birliyi dağılan dövrdə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-dən çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdər bəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə açılışı olub".

Komitə sədri qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

"Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır. Fəxrlə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Azvision.az


Teqlər: Dini-komitə   Mübariz-Qurbanlı  





Xəbər lenti