Baş Prokurorluqda Heydər Əliyev anılıb

Baş Prokurorluqda Heydər Əliyev anılıb
  07 May 2019    Oxunub:2596
Bu gün Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan mərasim keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır: "Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

Ümummilli Liderin dəyanəti və cəsarəti, mətinliyi və zəkası sayəsində xalqımız zamanın bütün çətinliklərinə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə nail ola bilmişdir. Bütövlükdə Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər olan inkişaf tarixi“Azərbaycan tarixinin Heydər Əliyev dövrü”kimi səciyyələndirilməklə, onun Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı tarixi olan 15 iyun isə “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi təntənəli şəkildə qeyd olunur.

Ulu öndərin 1993-cü il iyunun 15-də Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarmış və gələcəyə olan ümidlərini artırmış, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılmış, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.

Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılmışdır. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.

Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərmişdir. Bu tarixi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidməti həm də ondan ibarət olmuşdur ki, ölkənin uzunmüddətli davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu, özündən sonra müasir dövrün tələblərinə uyğun şəkildə yüksək peşəkarlıqla həyata keçirməyə qadir olan, hərtərəfli liderlik keyfiyyətlərinə malik, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirmiş, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın davamlı tərəqqisini təmin edən xarizmatik və təşəbbüskar rəhbər, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik olan İlham Əliyev kimi layiqli davamçı hazırlamışdır".

Qeyd edilib ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim öz müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edir: "Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Ulu öndərin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi cinayətkarlığa qarşı mübarizə sahəsində də həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilmişdir. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Azərbaycan dünyada sabitlik adası kimi tanınır və kriminogen durum çox müsbətdir”.

Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın sosial, humanitar, mədəni sahələrlə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti, gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir".

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchiz olunması, qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hərbi islahatların aparılmasına göstərilən gündəlik diqqət və qayğı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll edilməsi yolunda böyük səbr və təmkinlə həyata keçirilən tədbirlərin erməni təcavüzkarlarının məkrli niyyəti üzündən baş tutmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalçılarından təmizləyə biləcəyinə xalqın inamını daha da artırır. Erməni silahlı qüvvələri ilə təmas xəttində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində uğurla həyata keçirilmiş aprel döyüşləri, həmçinin 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və 11 min hektara yaxın ərazinin işğaldan azad edilməsi şanlı ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın tarixə qızıl hərflərlə həkk olunan böyük qələbəsi olmuşdur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, sivil və müasir məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin yekununda ümummilli liderin xatirəsinə həsr olunan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Liderlik Missiyası”adlı film nümayiş etdirilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Heydər-Əliyev  





Xəbər lenti