“Bir hakimə ayda təxminən 145 iş düşür” - Nazir müavini

 “Bir hakimə ayda təxminən 145 iş düşür” -    Nazir müavini
  06 May 2019    Oxunub:2930
“Prezident İlham Əliyevin Azərbaycan Məhkəmə-Hüquq sistemində islahatların dərinləşməsi haqqında imzaladığı fərmanda çoxsaylı məsələlərə toxunulub: qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə sisteminin inkişaf etdirilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatının gücləndirilməsi məsələsi, infrastruktur məsələləri, elektron məhkəmənin daha da inkişaf etdirilməsi və s. Eyni zamanda fərmanda qırmızı xətlə məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məsələləri qoyulub. Buna görə də ictimaiyyətin həqiqətən böyük marağına səbəb olub”.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, prokurorluq orqanlarına və Vəkillər Kollegiyasına xeyli tapşırıqlar verilib:

“Bu qurumların əməkdaşları tərəfindən işçi qruplar yaradılıb. Çoxsaylı normativ hüquq sənədlərin layihələri hazırlanıb. Onların bir qismi razılaşdırılma prosesindədir. Eyni zamanda Məhkəmə-Hüquq Şurasında "Qaynar Xətt", monitorinq qrupu yaradılıb. "Elektron məhkəmə"nin bütün ölkə ərazisində yayılması ilə bağlı işlər aparılır”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda məhkəmə hakimlərinin sayının artırılması nəzərdə tutulur: "Belə ki, bu gün hakimlərimizin iş yükü həqiqətən də çoxdur. Bir hakimə ayda təxminən 145 iş düşür. Ayda 22 iş günü olduğunu nəzərə alsaq, bu gündə 7 iş deməkdir. Təxminən 200 yeni hakimin işə qəbul olunması gözlənilir. Lakin bu prosesi tez bir zamanda gözləmək düzgün olmaz. Çünki hakimliyə işə başlamaq üçün çoxmərhələli imtahan və müsahibələr olur. Odur ki, bu proses təxminən 2 il ərzində tamamlanacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Azər-Cəfərov  





Xəbər lenti