Sosial dövlət modeli: Çatırıq, yoxsa hələ yoldayıq? – TƏHLİL

      Sosial dövlət modeli:    Çatırıq, yoxsa hələ yoldayıq? –    TƏHLİL
  18 Aprel 2019    Oxunub:7562
Bəzən Norveç, İsveç, Danimarka, Finlandiya kimi Skandinaviya ölkələrini, həmçinin İsveçrə, Lüksemburq, Kanada və sairəni misal göstərərək, onlarda “dövlət vətəndaşın daha çox yanındadır” deyirik. Həmin ölkələrdə sosial dövlət modelinin mövcudluğunu, “həqiqi sosializmin” onlarda olduğunu söyləyib, hətta təəsirlənirik də... Halbuki, sosial dövlət geniş və eyni zamanda, müəyyən bir zaman çərçivəsində yarana bilən, konkret mexanizmə əsaslanan modeldir. Buna təkcə bu və ya digər istiqamətdə addımlar atmaqla, iqtisadi inkişafa nail olmaqla, gəlirliliyə çatmaqla müyəssər olmaq mümkün deyil.
Ümumiyyətlə, sosial dövlət nədir? Sosial dövlət - vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən, onların iqtisadi-sosial əmin-amanlıqlarını qorumağa çalışan sistem və quruluşdur. Bütün bunlar elə bizim dövlətin də əsas vəzifələrini təşkil edir. Təkcə dövlət büdcəmizə diqqət yetirmək kifayətdir: Hər il onun xərclər hissəsinin əsasını sosial məsrəflər təşkil edir. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişinə gedir. Və bunlar da demək olar, hər il artırılır.

Son 15 ildə sosial istiqamətdə dəfələrlə artımlar olub. İşsizlik səviyyəsi enib, yoxsulluq azalıb. 2003-cü ildən bəri əməkhaqları 7 dəfə, pensiyalar 10 dəfə artıb, 50%-dən yuxarı olan işsizlik isə birrəqəmli həddə enib. Başqa konkret rəqəmlər də gətirə bilərəm. Minimum əməkhaqqı səviyyəsi yaşayış minimumu həddinə çatdırılıb və sair. 2019-cu il başlanandan dövlət başçımız tərəfindən problemli kreditlərlə bağlı, o cümlədən, pensiya və sosial müavinətlərin artırılması ilə əlaqədar imzalanan fərman və sərəncamlar nəticəsində dövriyyəyə 2,2 milyard manatdan çox əlavə vəsait daxil olacaq. Bu onu göstərir ki, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi və sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur.

Bütün bunlardan əlavə, zəlzələ, subasma, yanğın və digər fəlakətlər baş verən kimi, dövlət dərhal vətəndaşın yanında peyda olur. Banklarla vətəndaşlar arasında problem yaranır, dövlət yükün altına girərək, vətəndaşına yardım edir. Ümumiyyətlə, dünyada Azərbaycan kimi ikinci bir dövlət yoxdur ki, sıravi vətəndaşı böyüklü-kiçikli hər hansı bir maddi fəlakətlə üzləşən kimi dərhal ona yardım əli uzadılsın. Düzdür, hər bir ölkədə dövlət vətəndaşa xidmət edir və etməlidir. Ancaq heç bir ölkədə dövlət çiyinlərində bizdəki qədər yük daşımır. Halbuki, bazar iqtisadiyyatı şəraitində məsuliyyət və zəmanət bölüşdürülməlidir. Çünki dövlətin olduqca vacib və ağır vəzifələri var. O, hər şeylə yüklənməli deyil.

Bütün bunlara rəğmən, Azərbaycanda sosial dövlət modelinə tam çatmaq üçün hələ müəyyən məsafə qət etməliyik. Çünki ümumi gəlirlərin bölgüsündə problemlər mövcuddur. Minimum əmək haqqını yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdırmağa nail olduq. Halbuki, dövlət gəlirlərimiz hələ 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Bun baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində...

Sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz kölgə iqtisadiyyatı dayanır. Kölgə iqtisadiyyatı olan yerdə dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir, yeritsin, bunun effektlilik səviyyəsinin bir hissəsi "qara dəlik işığı udduğu" kimi mənimsənilir. Bu, çox ciddi problemdir.

Dövlət başçımız bugünlərdə çıxışlarının birində qeyd etdi ki, görülən tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb: "Bu, bizə imkan verdi ki, həmin vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40%, sosial müavinətlər orta hesabla 2 dəfə artıb".

Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edilib. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxanlardır.

Sözün qısası, bizdə kölgə iqtisadiyyatı hələ kifayət qədər böyük paya sahibdir. Milli gəlirin bölgüsündə ədalətsizlik elementlərinin kökündə də məhz bu dayanır. Odur ki, dövlətimizin sosial aspektdə cari ildən daha da gücləndirdiyi illərlədir nümayiş etdirdiyi səylərin maksimal səviyyədə effekt verməyini istəhiriksə, “kölgə iqtisadiyyatının” səviyyəsini mütləq azaltmalıyıq.

Adi bir fakt deyim: ölkəmizdə hələ də insanların müəyyən qismi rəsmi qeydiyyata alınmadan, yaxud aşağı əmək haqqı göstərilməklə işləyir. Belə bir şəraitdə isə icbari tibbi sığorta mexanizmi tətbiq oluna bilməz. Olunsa belə, keyfiyyətli işləməyəcək. Buna görə də kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində addımlar davam etdirilməlidir. Eyni zamanda, təhsil səviyyəsi qaldırılmalıdır. Savadsız cəmiyyətdə sosial dövlət modeli əsla təşəkkül tapa bilməz. Odur ki, əvvəl, xüsusən təhsilə diqqət yetirmək lazımdır. Vətəndaşlar savadlandırılmalıdır ki, dövlət də sosial istiqamətdə vəzifələrini daha düzgün müəyyən edə bilsin. Yoxsa, təkcə əməkhaqları, pensiya və sosial müavinətləri artırmaqla iş bitməyəcək və bitə də bilməz...

Düzdür, ölkəmiz sosial dövlət modeli quruculuğunda inamla addımlayır. Və bunun təşəbbüskarı dövlət başçımız İlham Əliyev sayılır. Ancaq vətəndaşların da bu sahədə köməyi lazımdır. Belə ki, “itki varsa, bunu mütləq dövlət və hökumət ödəməlidir, problem, maneə və yaxud sədd varsa, bunu da dövlət və hökumət aradan götürməlidir” kimi düşüncə normal sosial dövlət quruculuğu işində səhv yanaşmadır.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-dövlət  





Xəbər lenti