“Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” - Paşinyan

 “Tərəfdaşlarımız deyirlər ki, Qarabağ Ermənistanın ola bilməz” -  Paşinyan
  19 Mart 2019    Oxunub:6701
Dağlıq Qarabağın statusu ilə bağlı müxtəlif yanaşmalar var və Azərbaycan Prezidenti İlham Əliyevlə, həmsədrlərlə, eləcə də digər beynəlxalq tərəfdaşlarımızla apardığım müzakirələrdə bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac yarandı.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz nizamlanmaya dair öz şərhimizi təqdim edə bilərik, amma məsələ bəyanatların mübadiləsində deyil. Praktikada bu nə deməkdir? Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ onun tərkib hissəsi olmalıdır. Amma Dağlıq Qarabağın ayrıca dövlət və ya Ermənistanın tərkib hissəsi olmasının təfsir edildiyi sənədlər və s. də var. Bu məsələ ilə bağlı ən fərqli şərhlər var və onların bəziləri ictimailəşdirilib, bəziləri isə ictimaiyyətə qapalıdır. Adlarını çəkə bilmədiyim bəzi beynəlxalq tərəfdaşlarımız hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkibində ola bilməz. O biriləri isə əksini deyirlər. Üçüncülər də başqa şeyi... Kimin haqlı, kiminsə haqsız olduğunu anlamaq istəyirəm. Baş nazir seçildikdən sonra XİN rəhbərimizlə keçmiş xarici işlər naziri Edvard Nalbandyanla görüşdük və bəzi detallar barədə bizi məlumatladırmasını xahiş etdik. Və proses davam edir. Mənim çoxlu suallarım var. Başa düşməliyəm ki, danışıqlar prosesinin hər mərhələsində nə baş verib və indi nələr baş verir, hər bir sözü bilməliyəm. Nizamlanma prosesi mürəkkkəbdir, çox sayda incəliklər var. Əliyev 10 ildən artıqdır bu prosesin içindədir, həmsədrlər üçünsə bu, işdir. Bu prosesdə yeganə yeni insan mənəm və hər şeylə maraqlanmağım təbiidir. Çünki bir çox şey aydın deyil. Əgər hər şey hamıya aydındırsa, onda dialoq nəyə lazımdır? Ziddiyyət təşkil edən çoxlu məsələlər var. Kazanda nə baş verib? Vyanada, Ki-Uestdə? Bu prosesin yeni iştirakçısı kimi sualların cavabını bilməliyəm və tərəfdaşlarımın köməyinə ümid edirəm”, – Paşinyan çıxışında vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan  





Xəbər lenti