Avroliqanın finalına görə viza prosedurları sadələşdirildi
Sənədə əsasən, Xarici İşlər Nazirliyinə final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.
Həmçinin Xarici İşlər Nazirliyinə UEFA Avropa Liqasının Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.
Bundan başqa, Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə qərarı 2017-ci il sentyabrın 20-də UEFA-nın İcraiyyə Komitəsi qəbul edib.
Azvision.az
Teqlər: İlham-Əliyev Viza