Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak edib
IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin #Decarbonize proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.
AzVision.az
Teqlər: COP29