Bərdədə sahibkarlara güzəştli kreditlər verilib

Bərdədə sahibkarlara güzəştli kreditlər verilib
  08 Mart 2019    Oxunub:1509
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə növbəti işgüzar forum martın 7-də Bərdə rayonunda keçirilib.

Forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan qarğıdalı, soya əkini və cins heyvandarlıq təsərrüfatlarının, taxıl anbarı kompleksinin, quru meyvə istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində 100-dək sahibkara 8,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 350 iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 580 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70 yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış ildə 5,6 min ton süd və 1,2 min ton ət istehsal etmək gücündə olan 3000 başlıq heyvandarlıq kompleksinə baxış keçirilib.

Qeyd edək ki, son illər ümumi dəyəri 251,7 milyon manat olan 26 müasir heyvandarlıq kompleksinin yaradılmasına 110,7 milyon manat güzəştli kredit verilib.

Azvision.az


Teqlər: Sahibkar   Kredit   Nazirlik  





Xəbər lenti