Hicran Hüseynova: “Ölkədə qız uşaqlarının sayı azalır”

Hicran Hüseynova:  “Ölkədə qız uşaqlarının sayı azalır”
  07 Mart 2019    Oxunub:4428
"Son dövrlərdə apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı azalır. Amma bu, təbii hal deyil"

Azvision.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir çox ailələr biləndə ki, qız uşaqları dünyaya gələcək, hamiləliyi dayandırır: "Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin məsələyə diqqətini cəlb edirik".

Komitə sədri vurğulayıb ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur: "Stereotiplər olmamalıdır. Çalışırıq ki, tədbirlərimizdə atalar qızları ilə iştirak etsinlər. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir".

H.Hüseynova qeyd edib ki, qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım məsələsi hələ gündəmdə deyil, hazırda yalnız söhbət səviyyəsindədir.

Bundan başqa, komitə sədri əlavə edib ki, hələ də erkən nikahlarla bağlı hallar qeydə alınır: "Biz mübarizə aparırıq. Azərbaycanda erkən nikahların sayı azalıb. Erkən nikah bir tərəfdən də zorakılıqdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: HicranHüseynova   Komitə  





Xəbər lenti